"Ermənistan tərəfi gec-tez danışıqlara gələcək" - Millət vəkili

Aydın Mirzəzadə: "Azərbaycanda oturuşmuş dövlətçilik, qüdrətli ordu, güclü siyasət var"


Ermənistan Qarabağdakı separatçı rejimin nümayəndələri ilə birlikdə sülh danışıqlarını pozmaq üçün növbəti beynəlxalq kampaniyaya başlayıb. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev “The National İnterest”də dərc olunmuş “Ermənistan Cənubi Qafqazda sülhü pozmaq istəyirmi?” adlı məqaləsində deyib. H.Hacıyev vurğulayıb ki, Ermənistan kampaniya aparıb diplomatik oyunlara girmək əvəzinə, Azərbaycanla sülh danışıqları və münasibətlərin normallaşdırılması ilə məşğul olmalıdır. Prezidentin köməkçisi bəyan edib ki, Ermənistan rəhbərliyinin vəziyyəti qarışdırmaq məqsədilə apardığı kampaniyalarla vaxtı uzada-uzada sülhdən danışması çox tanış mənzərədir: "Ona görə də bu həftə Ermənistanın Qarabağdakı separatçı rejimlə birlikdə sülh danışıqlarını pozmaq üçün növbəti beynəlxalq kampaniyaya başlaması təəccüblü olmadı. Bu separatçı birləşmənin əsas məğzi sərt geosiyasi reallıqlardan yayınaraq fantaziyaları davam etdirməkdir”. H.Hacıyev əlavə edib ki, separatizmə seçici yanaşma yolverilməzdir: "Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı şifahi bəyanatları sülh müqaviləsində qeyd edilməlidir. Ermənistan həmçinin Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalı və bütün silahlı qüvvələrini çıxarmalıdır. Başqa yol yoxdur".
Prezidentin köməkçisinin diqqət çəkdiyi məqamları "Sherg.az"a dəyərləndirən millət vəkili Aydın Mirzəzadə deyib ki, Ermənistanın Azərbaycan əleyhinə kampaniya başlatdığı gün kimi ortadadır. Deputatın sözlərinə görə, Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirir və danışıqlardan imtina edir:

 "Azərbaycana qarşı beynəlxalq aləmdə diplomatik təxribatlar törətmək, mütəmadi olaraq ölkəmizin daxili işlərinə qarışmaq və s. cəhdlər bir-biri ilə sıx bağlıdır. Ermənistanı müdafiə edən xarici ölkələr və digər siyasi dairələr də Azərbaycana qarşı ciddi kampaniyaya start veriblər. Məqsəd rəsmi Bakıya təzyiq göstərərək, Azərbaycanı suveren hüquqların bir hissəsindən məhrum etməkdir. Azərbaycanın normal əməkdaşlıqla bağlı İrəvana təqdim etdiyi 5 əsas prinsipdə Ermənistanın irad bildirəcəyi heç nə yoxdur. Ona görə də gələcəkdə Azərbaycan daxilində təxribat törətmək üçün uzunmüddətli siyasi mina yerləşdirməyə çalışırlar. 25 min nəfərlik erməni üçün "status" tələb edir, Laçın dəhlizinin Azərbaycanın nəzarətinə götürülməsini istəyir, müstəqilliyimizə təhdid yaradacaq güzəştlər arzulayır və s".
Parlamentari vurğulayıb ki, əslində Ermənistan gözəl bilir ki, Azərbaycan suveren hüquqlarından əl çəkməyəcək. Buna rəğmən cəhd edir: "Ermənilərin beynində hələ də iki yüz əvvəlki rus imperiyasının qayğıkeşliyi, sovet hakimiyyətinin himayəsi, müstəqilliyimizin ilk illərində mürəkkəb daxili proseslər qalıb. Amma dövr dəyişib. Azərbaycanda oturuşmuş dövlətçilik, qüdrətli ordu, güclü siyasət var. Ermənistanda isə heç nə dəyişməyib. Yenə də hansısa havadarın onları dəstəkləyəcəyini, müdafiə edəcəyini düşünürlər. "Sehirli çubuq" gözləyirlər. Hakimiyyət dəyişsə də, təfəkkür, metodlar eyni qalıb. Hesab edək ki, bu da bir mərhələdir və söz yox ki, Azərbaycan buna da davam gətirəcək. Ermənistan tərəfi isə gec-tez danışıqlara gələcək və sülh müqaviləsini imzalayacaq. Ermənistan və onun dəstəkçiləri Azərbaycanı sındıra bilməyəcəklər".