"Heyrət, ey büt!.."  - Fars-erməni tarizi birliyi...

Faiq Ələkbərli: "Yaxşı olar ki, molla-fars rejimi Azərbaycan Respublikası ilə Güney Azərbaycanın hələ də birləşməməsinə, ayrı qalmasına heyrətlənsin"

İranın Qafandakı baş konsulu Mürtəza Abidin Varamin erməni dilini öyrənir. Varamin bildirib ki, erməni dilini öyrənərkən 1640 ortaq söz olduğunu görəndə heyrətə gəlib və bu, onda xoş duyğular oyadıb: "Qafan muzeyində milli paltar geymiş erməni qadının fotosunu gördüm. Əvvəllər bizdə də belə geyinirdilər, indi də kəndlərdə bu cür geyinirlər. Bizim çoxlu oxşar adətlərimiz var”. O, əlavə edib ki, İranda erməni mədəniyyəti və abidələri qorunur. Bu il o özü də İranın Culfa şəhərində Birinci Şəhid Müqəddəs Stefan monastırının ərazisində keçirilən tədbirdə iştirak edib. Konsul Ermənistanın müxtəlif bölgələrindən olan insanların bu monastıra ziyarətinin təşkilini təklif edib. Diplomat diaspor ermənilərinin də iştirakına ümid edir: “Bundan əlavə, yaxın vaxtlarda Qərbi Zəngəzurda daha bir erməni-İran kulinariya və mədəniyyət festivalı keçiriləcək. Bu dəfə tədbir Qafanda olacaq”. Göründüyü kimi, İran diplomatı hiyləgərcəsinə erməni oğurluğuna haqq qazandırmağa çalışır. Güney Azərbaycanın Culfa şəhərində isə hər hansı erməni monastırı yoxdur, bu, Alban abidəsidir.
AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a açıqlamasında bildirib ki, İranın Qafandakı baş konsulunun erməni dilini öyrənərkən, yaxud erməni qadınqlarını görərkən, kulinariyasını dadarkən heyrətlənməsi təəccüblü deyil. Ekspertin qənaətincə, əslində iranlı konsulun indiki məqamda "heyrətlənməsi" siyasi-diplomatik məsələlərlə bağlıdır: 

"Konsul ermənilərlə farslar arasındakı yaxınlığı gördükcə, zənn edir ki, Azərbaycanın birləşməsinə qarşı ciddi əngəllər tapır. Ona görə də məqsədli şəkildə erməni-fars "yaxınlığını" ön plana çıxarır. Hesab edirlər ki, İran və Ermənistanın bütün anlamlardakı yaxınlığı Azərbaycanın güclənməsinə, bütövləşməsinə qarşı əhəmiyyətli maneədir. Şübhəsiz, farslar saman çöpündən yapışaraq özlərini "heyrətləndirməyə" davam edəcəklər. Əlbəttə, erməni və fars toplumunun müəyyən adətlərində, geyimlərində, dillərində yaxınlıq olması mümkündür. Yaxşı olar ki, konsul, ümumiyyətlə, molla-fars rejimi Azərbaycan Respublikası ilə Güney Azərbaycanın hələ də birləşməməsinə, ayrı qalmasına heyrətlənsin. Farslarla ermənilər arasında oxşarlıq axtaran rejim vahid millətin yaxınlaşmasına qətiyyən imkan vermir. İran hökumətinin ən ciddi qorxularından biri Azərbaycanın bütövləşməsidir".
F.Ələkbərli vurğulayıb ki, fars-molla rejimi qardaş dediyi ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərdən, vandalizm hərəkətlərindən, separatizmdən hiddətlənməliydi: "Allahın evi olan məscidlərin dağıdılmasından, təhqir olunmasından qəzəblənməliydi. Ancaq bunları görmürük. Deməli, İran və Ermənistan arasında məqsədli siyasi yaxınlıqdan söhbət gedir, fars rejimi üçün dünyəvi və islami dəyərlər zərrə qədər önəm kəsb etmir. Tehranın hansı məqsədlərlə İrəvanla sıx əməkdaşlıq etdiyini, ciddi-cəhdlə dəstəklədiyini yaxşı bilirik. Amma Ermənistanla məqsədli şəkildə qardaşlaşma, yaxınlaşma, birlikdə mədəni festivalların təşkil olunması bütöv Azərbaycan ideyasının reallaşmasının qarşısını ala bilməyəcək".