İsveç Türkiyə ilə anlaşmasına əməl etmir - ŞƏRH

Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı vetonu qüvvədə saxlaya bilər

İsveç Türkiyənin terrorçuların ekstradisiyası ilə bağlı 28 sorğusundan heç birini təmin etməyib. Bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib. Qeyd olunub ki, Ankara İsveçə terrorçu təşkilatlarla əlaqəli olan şəxslərin ekstradisiyası ilə bağlı 28 sorğu göndərib. Onlardan 22-nə rədd cavabı verilib. Doqquz sorğu Kürdüstan İşçi Partiyasının, səkkizi FETO terror təşkilatının, beşi digər təşkilatların üzvləri ilə bağlı idi: "Üç sorğuya isə cavab gözlənilir. Lakin İsveç məhkəmə orqanları bu sorğular üzrə mənfi cavab barədə artıq məlumat veriblər”, - deyə nazir qeyd edib. Tunç xatırladıb ki, İsveç NATO-nun bir hissəsi və Türkiyənin bu alyansdakı tərəfdaşı olmaq niyyətini bəyan edir: "Parlamentimizin gündəliyində sorğunun təsdiq edilməsi duracaq. Müzakirələr zamanı parlament bütün nüansları nəzərə alacaq. İsveçdən gözləntilərimiz açıq-aydındır. Biz Stokholm tərəfindən terrorçuların bizə verilməsini gözləyirik. Lakin bu məsələdə irəliləyiş yoxdur".
Politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında bildirib ki, Türkiyə İsveçin NATO-ya üzvlüyü ilə bağlı veto qərarına yenidən baxmağa hazır olduğunu artıq bəyan edib. Bu məsələnin yaxın vaxtlarda Türkiyə parlamentində müzakirəsi gözlənilir. Siyasi şərhçinin sözlərinə görə, veriləcək qərar daha çox İsveçin davranışlarından asılı olacaq: 

"Məsələ ondadır ki, İsveç Türkiyə ilə bu barədə imzalanmış anlaşmaya hələ də tam əməl etməyib. Düzdür, İsveç qanunvericiliyində terrorçuluq fəaliyyətinə qarşı mübarizə barədə müəyyən düzəlişlər edilib. Ancaq bu, qətiyyən yetərli deyil. İsveç NATO-ya həqiqətən üzv olmaq istəyirsə, rəsmi Ankaranın ekstradisiyasını tələb etdiyi terrorçuları Türkiyəyə təhvil verməlidir. Əks halda, Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı vetonu qüvvədə saxlaya bilər. Əslində, rəsmi Ankara artıq indidən buna açıq eyham vurur. Türkiyə bir tərəfdən İsveçin NATO-ya üzvlüyünü dəstəklədiyini qabardır, digər tərəfdən isə veto qərarının qüvvədə saxlana biləcəyinin də mesajını verir. Yəni indi hər şey İsveçdən asılıdır. Onu da qeyd edək ki, İsveçdə bəzi siyasi dairələr bu ölkənin NATO-ya üzv olmasını istəmirlər. Bu səbəbdən də israrla Türkiyəni qıcıqlandırmağa və veto qərarının qüvvədə saxlanmasına yol açacaq addımlar atmağa çalışırlar. Belə anlaşılır ki, İsveçdə NATO üzvlüyündən yayınmaq üçün Türkiyənin vetosundan istifadə etməyə cəhd göstərənlər olmamış deyil. Onlar İsveçin hakimiyyət dairələrində təmsil olunurlar".
Analitik düşünür ki, bütün bunlar indiki halda, Rusiyanın maraqlarına cavab verir: "Kreml İsveçin NATO-ya üzvlüyündən ciddi şəkildə narahatdır. Ona görə də Kreml Türkiyənin NATO üzvlüyünə qarşı veto qərarını dəyişə biləcəyini bəyan etməsi Rusiyada əndişə yaratmışdı. Hətta iki ölkənin münasibətlərində müəyyən problemlər də müşahidə olunurdu. Ancaq indi Türkiyə və Rusiya prezidentləri yaxın vaxtlarda yenidən görüşmək qərarına gəliblər. Böyük ehtimalla iki ölkənin lideri bu məsələni də müzakirə edəcək. Təbii ki, rəsmi Ankara yalnız Türkiyənin milli maraqları çərçivəsində addımlar atır. Ancaq indiki situasiyada Türkiyənin İsveçin NATO-ya üzvlüyünə qarşı veto qərarını qüvvədə saxlaya biləcəyi qətiyyən istisna deyil".