ABŞ-nin siyasi xətti bəllidir - RƏY

Amerikalı səfir böyük ehtimalla son günlər bölgədə müşahidə olunan yüksək gərginliyi azaltmaq məqsədilə Sarkisyanla görüşə ehtiyac duyub

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan ABŞ-nin bu ölkədəki səfiri Kristina Kvinlə görüşüb. Axar.az erməni mediasına istinadən xəbər verir ki, görüş səfirin təşəbbüsü ilə baş tutub. Tərəflər Qarabağdakı situasiyanı, həmçinin Ermənistanın daxili və demokratik problemlərini, regional prosesləri və hazırkı hakimiyyətinin siyasətini müzakirə edib.

İndiki məqamda Amerika səfirinin revanşistlərin başçısı, "Qarabağ klanı"nın əsas rəhbəri kimi tanınan cinayətkar Sarkisyanla görüşünü "Sherg.az"a analiz edən politoloq Qabil Hüseynli deyib ki, ABŞ-nin bu ölkədəki səfiri Kristina Kvin əvvəlki diplomatdan fərqli olaraq bölgədəki vəziyyətə daha realist yanaşır. Ekspertin sözlərinə görə, K.Kvin daha konstruktiv fikirlər bildirir: 

"ABŞ-nin siyasi xətti bəllidir. Bu xətt ondan ibarətdir ki, regiondakı problemlərin aradan qaldırılması şərti ilə sülhyaratma prosesi axıra qədər davam etdirilsin. Hər iki dövlətin öz siyasi iradələrini ortaya qoyması üçün normal şərait yaradılsın. Nəticə etibarı ilə kollektiv Qərbin sülh prosesindəki aparıcı rolu təspib olunsun.

Məsələyə bu kontektsdən yanaşanda, inanmıram ki, amerikalı səfir keçmiş prezident S.Sarkisyanla görüşdə qeyri-konstruktiv təşəbbüslərdən söz açsın. Yaxud bölgədə gərginliyə səbəb olacaq addımların atılmasını təklif etsin. Ola bilər, Sarkisyan görüşün mahiyyətini ictimaiyyətə məqsədli şəkildə başqa cür çatdırsın. Böyük ehtimal, ABŞ səfiri son günlər bölgədə müşahidə olunan yüksək gərginliyi azaltmaq məqsədilə Sarkisyanla görüşə ehtiyac duyub".

Q.Hüseynli diqqətə çatdırıb ki, ABŞ-nin strateji mövqeyi Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır:

 "Serj Sarkisyan Rusiyanın sadiq köpəyidir. Bunu Vaşinqton da çox yaxşı bilir. O baxımdan Moskvanın kuklası sayılan S.Sarkisyanla hansısa ciddi məsələlərin müzakirəsi də inandırıcı deyil. Səfir son günlər bölgədə yaşanan proseslərlə bağlı öz tövsiyələrini diqqətə çatdırmış ola bilər".