Sərhəddə lokal toqquşmalar gözlənilir...

Böyük müharibə baş verərsə, regionda maraqları olan böyük dövlətlərin də qatılacağı şübhəsizdir və proseslər nəzarətdən çıxa bilər

"Prezidentin köməkçisi Hikmət Hacıyev “Ermənistan sülh danışıqlarını pozmaq üçün növbəti kampaniyaya başlayıb” fikirlərini səsləndirərkən konkret faktlara əsaslanıb və tamamilə haqlıdır". 

Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Parlament üzvü vurğulayıb ki, müharibədən ötən müddət ərzində, Moskvada, Soçidə, Brüsseldə, Praqada, Kişineuda, Vaşinqtonda iki ölkə rəhbərliyi arasında çoxsaylı görüşlər keçirilib: "Xüsusilə, Qərb dairələrinin vasitəçiliyi ilə təşkil olunmuş görüşlərdə Azərbaycanın irəli sürdüyü tələblərin beynəlxalq hüquqa uyğun olduğu dəfələrlə vurğulanıb. 

Ermənistan rəhbərliyi də bu prinsiplərlə razılaşdığını bildirmişdi. Təəssüflər olsun ki, görüşlərdən sonra, Ermənistan müxtəlif bəhanələrlə fikrini dəyişdi və yeni təxribatlara rəvac verdi. Bu dəfə də proses təkrarlandı. Danışıqlar masasında haqsızlığını başa düşən Ermənistan, xarici havadarlarının xeyir-duası ilə, böhtan, şantaj kampaniyasına üstünlük verdi. Məsələyə regional kontekstdən yox, qlobal aspektdən yanaşmaq gərəkdir. Ermənistan heç nədir. Nə dövlət, nə də millət olaraq əhəmiyyət kəsb edir. Sadəcə, bir geosiyasi layihə kimi qlobal güclərin əlində "marionet" rolunu oynayır. Cənubi Qafqazda və bir sıra coğrafiyalarda geosiyasi maraqlar uğrunda rəqabət aparan güclər “erməni kartından” bəzi dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Həmin güclər "erməni məsələsinin" beynəlxalq gündəlikdən tamamilə çıxmasına imkan vermirlər".

N.Məhəməliyev bəyan edib ki, bunlara hazır olmalı, adekvat, daha doğrusu, qabaqlayıcı tədbirlər görməliyik:

 "Son günlər sərhəd bölgələrində baş verən təxribatların intensiv xarakter alması, bəzi beynəlxalq təşkilatların, xarici müşahidəçilərin böhtan, şantaj kampaniyalarına aktiv şəkildə cəlb olunması, yeni alınmış silahların daşınması Ermənistanın müharibə hazırlıqlarından xəbər verir. Zahiri görüntülərə, piar kampaniyalarına baxmayaraq, Ermənistan ordusu demorolizə edilmiş, məğlub sindromundan azad olmamış ordudur. Təkbaşına Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməz. Ona görə də qlobal mənada müharibənin olacağanı düşünmürəm. Böyük müharibə baş verərsə, regionda maraqları olan böyük dövlətlərin də qatılacağı şübhəsizdir və proseslər nəzarətdən çıxa bilər. Ancaq lokal toqquşmalar istisna deyil".