Qarabağın erməni sakinləri reallıqlarla barışmağa məcburdur - RƏY

"Azərbaycanda bir çox etniklər çox rahat və təhlükəsiz şəraitdə yaşayırlar"

Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasını ehtiva edən təklif irəli sürüb. Bunu Xankədidəki separatçıların nümayəndəsi Tiqran Petrosyan deyib. Separatçı bildirib ki, bu sənədi iyulun 25-də Lavrov təklif edib: "Bunu yayımlayıram ki, ictimaiyyət əslində nə baş verdiyini anlasın". Petrosyan iddia edib ki, Lavrovun layihəsi çərçivəsində Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının təmin edilməsinin əsas prinsipləri və parametrləri keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti"ndə olduğu kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənəcək. Həmçinin etnik azlıqlara şamil olunan bir sıra hüquqların təmin olunması ilə bərabər, dövlət qurumlarında, o cümlədən rəsmi yazışmalarda və işgüzar işlərdə Azərbaycan dili ilə yanaşı erməni dilinin də sərbəst istifadəsi də təklif olunub. Petrosyan iddia etdiyi layihənin fotolarını da yayımlayıb. 

Hüquq müdafiəçisi, siyasi şərhçi Xəzər Teyyublu "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasında, Qarabağda yaşayan ermənilərin reinteqrasiyası məsələsində üzərinə düşəni artıqlaması ilə etməkdədir. Ekspertin sözlərinə görə, rəsmi Bakı Qarabağ ermənilərinə dəfələrlə çağırış edərək, vətəndaşlığı qəbul edəcəkləri halda, Azərbaycan qanunları çərçivəsində onların təhlükəsizliyinin qorunacağı, bütün haqq-hüquqlarının tanınacağını bildirib: 


"Azərbaycan tərəfi Qarabağdakı erməni nümayəndələrlə dialoq təklif edir. Qarabağ Azərbaycan ərazisidir və orada yaşayan insanlar mütləq şəkildə qanunlarımıza tabe olmalıdır. Həmin məsələlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində təmin olunmalıdır. Nə qədər cığallıq etsələr də, pozuculuqla məşğul olsalar da, bu reallığı Qarabağdakı ermənilər də çox gözəl bilirlər. Proses tədricən Azərbaycanın xeyrinə işləyir. 
Bunu Qərb ölkələri ilə yanaşı Rusiya da görür. Moskvanın Qarabağdakı ermənilər məsələsində xüsusi aktivliyi təbii və başadüşüləndir. Çünki bölgədə rus sülhməramlıları yerləşdirilib. Həm də nəzərə alaq ki, Ermənistanda gedən proseslər, Nikol Paşinyan hökumətinin də addımları, bəyanları Kreml tərəfindən diqqətlə izlənilir. İrəvan hökumətinin siyasi kursu qeyri-müəyyəndir. Daha çox Qərbə yönəlik addımlar atılmaqdadır. Ermənistanın TIR şousu, Aİ-nin bu istiqamətdə fəallığı və bölgəyə yerləşmək cəhdləri, Laçın yolu üzərində Rusiya sülhməramlı kontingentinə təzyiqlər göstərilməsi və s. məqamlar da Moskva tərəfindən diqqətlə izlənilir. 

Bu fonda Sergey Lavrovun sözügedən təkliflərlə Qarabağ separatçılarına müraciəti inandırıcı görünür. Azərbaycanda bir çox etniklər çox rahat və təhlükəsiz şəraitdə yaşayırlar. Hamısı öz dillərində sərbəst danışır, hərəkət edirlər. Öz mədəniyyətlərini, dinlərini, folklorlarını yaşadırlar. Təbii ki, Qarabağda yaşayan ermənilər də öz dillərində danışa biləcəklər. Buna kim etiraz edir ki? Amma dövlət dili Azərbaycan dilidir".