Rusiya əlindəki təsirli "silah"dan istifadə edir - RƏY

Qara dənizdən kənar hər hansı yolla böyük miqdarda taxıl ixrac etmək qeyri-mümkündür

ABŞ Ukraynanın taxıl infrastrukturuna Rusiyadan davam edən hücumları pisləyib və Ukraynanın taxıl ixracı üçün alternativ variantlar tapmağa çalışdığını açıqlayıb. Bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel deyib. Sözçü Amerikanın Rusiyanı dərhal Qara Dəniz Taxıl Dəhlizi Sazişinə qayıtmağa çağırdığını vurğulayıb: 

“ABŞ lazımi yerlərə taxıl göndərməyə davam edə biləcək yollar və dəhlizlər tapmağa çalışır. Rusiya tərəfdən razılaşmaya qayıtmaq istədiklərinə dair heç bir işarə görmürük”. Amerika mediası ABŞ-nin alternativ marşrut müəyyən etmək üçün Türkiyə və Ukrayna ilə danışıqlar apardığını yazıb. Qeyd edək ki, Rusiya Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsindən iyulun 17-də çıxıb.

Azərbaycan Demokrat Partiyasının sədr müavini, siyasi şərhçi Həsrət Rüstəmov "Sherg.az"a bildirib ki, ABŞ-nin Ukrayna ilə bağlı atdığı addımlar həmişə verdiyi bəyanatlardan dəfələrlə kiçik olur. Ekspertin sözlərinə görə, təəssüf ki, "Taxıl sazişi" ilə əlaqədar məsələ də istisna deyil:

 "Amerika alternativ marşrutlar istəyirdisə, bunu indiyədək hazırlayıb həyata keçirməyə başlamalıydı. Rusiyanın dünyaya təsir etmək baxımından əlində olan yeganə “silah”dan istifadə edəcəyi gözlənilən idi. Məncə, Ukrayna-Rusiya müharibəsində Kiyevi daha güclü dəstəkləmək, bütün hərbi vasitələrlə dərhal təmin etmək və Rusiyanı ən yaxşı halda öz sərhədlərinə geri qaytarmaq taxıl məsələsinin də ən yaxşı həlli ola bilər. Çünki Qara dənizdən kənar hər hansı yolla böyük miqdarda taxıl ixrac etmək qeyri-mümkündür. Həmçinin bu zaman nəqliyyat xərclərinin də yüksək olacağı qaçılmaz olacaq".
Müsahibimiz diqqətə çatdırıb ki, ABŞ taxıl çatışmazlığını dünyanın "ən böyük humanitar fəlakəti" kimi dəyərləndirir. Amma nəzərə almır ki, Ukraynada Rusiya raket zərbələrindən və müharibənin yaratdığı iqtisadi böhrandan həyatını itirən onminlərlə dinc insan fəlakəti artıq yaşanmaqdadır: "Vaşinqton və Qərbi Avropa dövlətləri müharibənin uzanmasında maraqlıdırlar. Ukraynaya Rusiyanın işğalını dəf edəcək qədər yardım edilmir. Eyni zamanda Rusiyaya da bu işğalçılıqdan əl çəkməsinə gətirib çıxaracaq səviyyədə təzyiq göstərilmir. Amerika və Avropa Ukraynanı lazım olan səviyyədə dəstəkləsə, müharibə tezliklə bitər və yaratdığı fəsadlar da aradan qaldırılar".