Ankara Putini gözləyir...

Samir Hümbətov: "Müzakirə, sadəcə, "Taxıl sazişi" ilə yekunlaşmayacaq "

Rusiya Prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan avqustun 31-i görüşə bilərlər. Bildirilir ki, hazırda görüş üçün bu tarix razılaşdırılır və bütün nüanslar müzakirə olunur. Amma danışıqların yeri açıqlanmayıb. Qeyd edək ki, bir neçə gün öncə Türkiyənin “A Haber” kanalı bu ayın sonunda, ya da sentyabrın əvvəlində iki dövlət başçısının görüşünün ola biləcəyini yazmışdı. Vurğulanmışdı ki, Ankara Putinin Türkiyəyə gəlişini gözləyir. Ərdoğanın Rusiyaya səfərə gedəcəyi də istisna deyil. Mənbə iki dövlət başçısı arasında əsas müzakirə mövzusunun “Taxıl sazişi” ola biləcəyinə diqqət çəkib. 

"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında bildirib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş zamanı müzakirə, sadəcə, "Taxıl sazişi" ilə yekunlaşmayacaq. Analitik diqqətə çatdırıb ki, Türkiyə-Rusiya rəhbərliyi arasında ikili münasibətlər, siyasi-iqtisadi əlaqələr, hərbi təhlükəsizlik regional məsələlər müzakirə predmeti olacaq: "Ərdoğan-Putin görüşündə Cənubi Qafqazda baş evrən proseslər, o cümlədən Ukrayna ilə aparılan müharibə, həmçinin Yaxın Şərqdə, Balkan bölgəsində yaşanan hadisələr gündəmə gətiriləcək. Bunların hamısı iki ölkə üçün önəmli mövzulardır. Dövlət başçılarının görüşündə qaz məsələsi də masaya daşınacaq. Rusiya Türkiyəni qaz habı kimi formalaşdırmaq istəyir. Yəni qaz satışını Türkiyə üzərindən həyata keçirməyə çalışır. Qarşıya qoyulub ki, növbəti 5 il üçün iki ölkə arasında ticarət dövriyyəsi 100 milyard dolların üzərinə çıxarılsın. Bəzi məsələlərdə mühüm razılıqların əldə olunması gözləniləndir".
Həmsöhbətimiz vurğulayıb ki, bizim üçün mühüm olan məqam isə Cənubi Qafqazdakı olaylar, Azərbaycan-Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində atılacaq addımlardır: "Son dövrlər Ermənistan rəsmiləri, Qarabağdakı separatçılar tərəfindən təxribatçı, ziddiyyətli açıqlamaların şahidi oluruq. Eyni zamanda ermənilərin davamlı təxribatları ilə üzləşirik. Təbii ki, Ermənistanın pozucu addımları, sülh danışıqlarını təhlükəyə atacaq davranışları rəsmi Bakı ilə yanaşı, Türkiyəni də hiddətləndirir. Təsadüfi deyil ki, Türkiyə Xarici İşlər Nazirliyi bir neçə gün öncə Laçın yolu ilə bağlı bəyanət verdi və prosesləri diqqətlə izlədiklərini vurğuladı. Bu, o deməkdir ki, Ankara İrəvanın addımlarını gözdən qoymur. Liderlər arasında bu məsələnin müzakirə ediləcəyi şübhəsizdir. Yəni Putinin Türkiyə səfərinin çox zəngin keçəcəyi ehtimalı böyükdür".