"Ən əsası bu təkliflər Rusiyanın “zəmanətçi” kimi Qarabağda davamlı qalmasına şərait yaradır"

Rusiyanın 14 maddəlik təklifi

"Ermənistan mediası Rusiyanın Qarabağla bağlı təkliflərini dərc edib. 14 maddədən ibarət olan təkliflər layihəsi “Qarabağın erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilməsinin əsas prinsipləri və parametrləri” adlanır". Bu barədə "Sherg.az"a siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, ermənilər bu təklifləri süngü ilə qarşılayırlar. Çünki sənəd Qarabağda separatizmin ləğv edilməsini, Azərbaycanın suverenliyinin təmin olunmasını dəstəkləyir: "Separatizmi dəstəkləyən Rusiyanın mövqeyinin xeyli yumşalması fonunda da təkliflər cəlbedici görünür. Lakin tamamilə "Azərbaycanın xeyrinədir" demək də mümkün deyil, xüsusilə son 3 bənd bu yöndədir. Məsələn, Azərbaycan erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunmasına tam zəmanət verir. Lakin burada kənar ölkənin iştirakı qəbuledilməzdir. 12-ci bənddə Azərbaycan və Ermənistan arasında Qarabağla bağlı ayrıca sazişin imzalanması nəzərdə tutulur. 13-cü bənd erməni diasporunun Qarabağa müdaxiləsinə, həm də istədikləri vaxt sərbəst girişinə zəmin yaradır. 14-cü bənd erməni əhalisinə kənardan iqtisadi və humanitar yardımı şərtləndirir".
Həmsöhbətimizin fikrincə, təkliflər bölgədə Azərbaycan qanunvericiliyinin bərpasını nəzərdə tutsa da, son üç bənd etnik separatizmin toxumlarının saxlanılmasına hesablanıb: "Yerdə qalan 11 bənd də bu və ya digər formada etnik separatizmi stimullaşdıracaq amillərdir. Ən əsası bu təkliflər Rusiyanın “zəmanətçi” kimi Qarabağda davamlı qalmasına şərait yaradır. Azərbaycan üçün yeganə yol Qarabağdakı erməni əhalisi ilə kənar qüvvənin iştirakı olmadan danışmaqdır. Onların vətəndaşlığı qəbul edərək, respublika ərazisindəki digər etnik-dini qruplar kimi bərabərhüquqlu şəkildə yaşamasını təmin etməkdir".