Kreml nüfuzunu tamam itirib - ŞƏRH

KTMT potensialı olmayan, dövrünün hərbi çağırışlarına cavab verməyən oyuncaq qurumdur

  Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinə xəbərdarlıq edib. Rusiya XİN başçısı bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqləri Qərbin hərbi-siyasi gərginliyi artırmaq planlarına qoşulmamalıdır. Lavrov əlavə edib ki, başqa dövlətlərə “həyat öyrətmək” və ya onların necə və kiminlə münasibət quracağını diktə etmək Moskvanın qaydalarına daxil deyil: “Əminik ki, müttəfiqlərimiz son vaxtlar Qərbin öz ölkələrinə artan diqqətinə kritik yanaşacaq və onların hərbi-siyasi gərginliyi artırmağa yönəlmiş planlara cəlb olunmasına imkan verməyəcəklər. Bütövlükdə, əlbəttə ki, biz gözləyirik ki, KTMT-dəki müttəfiqlərimiz bu təşkilat çərçivəsində öz öhdəliklərinə zidd addımlar atmayacaqlar". Baş diplomatın sözlərinə görə, Kreml həmişə qanuni maraqlarının nəzərə alınmasını xahiş edir.
“Düşünürəm ki, bizi eşidirlər".
  Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a bəyan edib ki, Rusiya öz imperalist maraqlarını heç vaxt gizlətməyib. Partiya təmsilçisinin sözlərinə görə, hətta bəzən Kreml rəsmiləri SSRİ-ni yenidən bərpa etmək niyyətini də ortaya qoyublar:

 "Sözügedən coğrafiyada boşluq müşahidə olunur. İqtisadi münasibətləri inkişaf etdirmək, ictimai əlaqələri yüksək səviyyəyə qaldırmağa ehtiyac yaranıb. İstər KTMT, istərsə də MDB məkanında dostluq və əməkdaşlıq münasibətləri sağlam olmasa, bu ölkələr daima bir-birinə zidd gedəcək. Necə ki, Ermənistan Azərbaycana zidd gedir. Hazırda Rusiya ilə Gürcüstan arasında düşmənçilik münasibəti mövcuddur. Bu səbəbdən keçmiş sovet respublikalarında Moskvaya inamsızlıq, şübhələr var. Ukrayna müharibəsindən sonra Qərbin qəti mövqeyi qarşısında keçmiş sovet respublikalarının Kremlə qarşı addımlar atdıqlarını müşahidə etdik. Məsələn, Mərkəzi Asiyanın bəzi ölkələri riskə getməyə hazır olmadıqlarını və Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşula biləcəklərini açıq şəkildə bildirdilər. Düzdür, Rusiya bəyan edir ki, KTMT, AİB və MDB üzrə öhdəliklərə zidd olmayanda heç bir dövlətə hansı xarici və daxili siyasi kursun aparılmalı olduğunu diktə etmir. Amma mərkəzdənqaçma meyillərinə müxtəlif reaksiyalar göstərir".
  S.Əsədli hesab edir ki, KTMT potensialı olmayan, dövrünün hərbi çağırışlarına cavab verməyən oyuncaq qurumdur: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Moskvanın müxtəlif geosiyasi və iqtisadi şantaj arsenalından istifadə edərək zorla arxasınca apardığı fərqli maraqlara malik dövlətlərdən ibarətdir. Azərbaycanla etnik və dini ortaqlıqla yanaşı, iqtisadi maraqları da ortaq olan Qazaxıstan xüsusən bu əsnada önəmli rol oynayır. Buna görə də indiki geopolitik durumda Rusiya nəinki proseslərə, heç ayrı-ayrı dövlətlərə belə təsir etmək gücündə deyil".