Araiki Vardanyan əvəz edəcək? - Paşinyan yükdən qurtulmaq istəyir

Bakı onunla dialoqa getməyəcək

Araik Arutyunyan “istefa” vədini yerinə yetirsə belə, onu əvəz edəcək şəxs Ruben Vardanyan olmayacaq

  Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçıların rəhbəri Araik Arutyunyanın “istefaya gedəcəyi” ilə bağlı söz-söhbət davam edir. Qarabağa göndərilən rusiyalı milyarder Ruben Vardanyan da məsələyə reaksiya verib. O, sosial şəbəkə hesabından Arutyunyanı ələ salıb: “Həftənin əvvəlində dediniz ki, istefaya gedəcəksiniz və artıq qərar vermisiniz deyə, inandırmağa ehtiyac olmadığını bildirdiniz. İlk dəfə deyildi. Həmin görüşdə iştirak edən 8 nəfərin bir hissəsi sizin sözlərinizə inanmadı. Başqa bir hissəsi dedi, bəlkə bu dəfə düz deyir? Çox təəssüf ki, “birinci insan”ın sözü inam yaratmır”.
Qeyd edək ki, bundan öncə guya Arutyunyanın “istefa”sı haqda məlumat vermək üçün iclas keçirdiyi və bu iclasda Ruben Vardanyanın da iştirak etdiyi haqda erməni mediası informasiya yaymışdı. İddia edilirdi ki, o iclasda Arutyunyanı “istefa” verməkdən çəkindiriblər.
  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, ötən ilin sentyabrında Rusiyadan Qarabağa köçən Ruben Vardanyan gəldiyi ilk günlərdən tez-tez müsahibələr verməklə diqqət mərkəzinə keçməyi bacarmışdı. Analitik vurğulayıb ki, dünyanın tanınmış televiziya kanalları və aparıcıları ondan internet vasitəsilə müsahibələr alır, Vardanyanın baş verənlərə münasibətini öyrənirdilər:

"Çox keçmədən bu “populyarlıq” onu Qarabağın “dövlət naziri” vəzifəsinə gətirdi. Əslində isə Moskvanın planı tədricən reallaşırdı. Moskvanın məqsədi Vardanyanı separatçıların lideri Araik Arutyunyanla əvəzləyib Bakı ilə dialoqu təmin etmək idi. Ancaq rəsmi Bakı ilk gündən bəyan etdi ki, Ruben Vardanyanla heç bir dialoq olmayacaq, o, Qarabağa yad ünsürdür. Ruben Vardanyanın Moskvada milyardlarla gəlir gətirən şirkətlərini başqalarına tapşırıb gərgin bölgəyə köçməsinin onun öz ağlının məhsulu olmadığını Bakı da anlamışdı. Bakının Vardanyanla təmasa keçməyəcəyi qətiləşəndən sonra Moskvanın ona olan ümidləri puça çıxdı və Araik Arutyunyan bu durumdan istifadə edərək erməni mənşəli oliqarxı “istefaya” göndərdi. Vardanyanın “populyarlığı” həmin gündən başlayaraq azalmağa başladı, müsahibələrin sayı da azaldı. Buna baxmayaraq, Vardanyan özünü unutdurmamağa çalışır. O, son video-müraciətində separatçıların lideri Araik Arutyunyanı hədəf götürüb. Vardanyan keçmişdə Arutyunyanın adını çəkmədən yerli “idarəetməni” yumşaq formada tənqid edirdi, bu dəfə isə o, separatçıların liderini ağır sözlərlə ittiham edib".
  E.Şahinoğlunun fikrincə, Ruben Vardanyan faktiki olaraq Araik Arutyunyana ultimatum verib: "“İstefa verməsən, biz səni buna məcbur edəcəyik” deyən Vardanyan separatçıların liderinə qarşı təzyiqi artıracağını vurğulayıb. Vardanyanın çıxışında “istefa vermək əvəzinə sizə təzyiq edildiyini və buna görə istefa verə bilməyəcəyinizi söylədiniz” cümləsi diqqət çəkib. Araik Arutyunyana “istefa verməmək üçün” Ermənistanın Baş naziri Nikol Paşinyan, yoxsa Moskvada onu kurasiya edən güclər təzyiq edib? Paşinyan üçün Qarabağ ermənilərini kimin idarə edəcəyinin böyük fərqi yoxdur, o, bu yükdən qurtulmaq istəyir. Moskva üçün isə Qarabağ separatçılarının başında kimin dayanmasının fərqi var, çünki Rusiya hərbi kontingentinin 2 ildən sonra bölgəni tərk edib-etməyəcəyi məsələsi aktualdır. Bütün hallarda Araik Arutyunyan “istefa” vədini yerinə yetirsə belə, onu əvəz edəcək şəxs Ruben Vardanyan olmayacaq. Birincisi, Bakı onunla dialoqa getməyəcək, ikincisi, yerli ermənilər içərisində onun nüfuz sahibi olmasıyla bağlı məlumat yoxdur”.