Təhdid yaratmaq istəyən qüvvələrə ciddi mesaj: Güc birlikdədir

Azərbaycan və Türkiyə hərbi təlimləri davamlı olacaq

“İstənilən təxribatçı təşəbbüsdə olanlar bu iki ölkənin gücünü, ordusunu görəcəklər”

  Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi başlayıb. İki gün davam edəcək təlimlər Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunub. Müdafiə Nazirliyindən məlumat verilib ki, hərbi təlimlər Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçiriləcək. Birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir. “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimində əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.
  Hərbi ekspert, polkovnik Şair Ramaldanov "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı iki qardaş ölkənin arasında yüksələn xətlə inkişaf edir və bu da təbiidir. Polkovnikin sözlərinə görə, Şuşa Bəyannaməsindən sonra iki dövlət arasında hərbi əməkdaşlıq daha da genişləndirilib:

"Digər tərəfdən, artıq istər Türkiyədə, istər Azərbaycanda hərbi təlimləri qardaş ölkənin iştirakı olmadan təsəvvür etmək artıq çətindir. Bu da iki ölkə arasında Silahlı Qüvvələrin birgə fəaliyyəti üçün böyük imkanlar deməkdir. Qəbul edilmiş bütün hüquqi sənədlərə görə Azərbaycan və Türkiyə qarşılıqlı olaraq daim bir-birinin maraqları uğrunda çıxış edə bilərlər. Prezident və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ordu qarşısında qoyduğu tapşırıq və vəzifələrdən biri Türkiyə modelinə keçiddir. Bununla bağlı çox böyük işlər görülüb. Bu çərçivədə plana uyğun olaraq Azərbaycan-Türkiyə birgə təlimləri keçirilir. Təlimdə modern silah və döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, qarşılıqlı fəaliyyətin təşkili, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir. Birgə təlimlər ayın 25-nə kimi davam edəcək və Azərbaycanın bir neçə ərazisində keçiriləcək. Təlimdə diversantlara, terrorçulara qarşı mübarizə də nəzərdə tutulub. Qarabağın dağlıq və meşəlik hissəsində hələ də gizlənmiş terrorçu-quldur qrupların olması ilə bağlı məlumatlar var. Gələcəkdə terrorçuları zərərsizləşdirmək üçün əraziyə və relyefə uyğun olaraq müvafiq tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulur. Birgə təlimlər heyətin döyüş qabiliyyəti və hazırlığını yoxlamaqla yanaşı, həm də yüksəldilməsinə xidmət göstərir".
  Hərbi ekspert vurğulayıb ki, İranda region ölkələrinin xarici işlər nazirləri arasında keçirilən görüşün əsas mövzularından biri də təhlükəsizliyin təmin olunmasıdır: "Çünki bölgədə təhlükəsizliyə zəmanət verilməsindən sonra iqtisadi, logistik və digər layihələrin realllaşması mümkündür. Burada ən böyük Ermənistan və onun arxasında duran qüvvələrdir. "3+3" formatı daxilində yer alan iki qardaş ölkə - Azərbaycan və Türkiyə regionda daim sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Hər iki ölkə bu istiqamətdə davamlı addımlar atmaqdadır. Birgə təlimlər də bölgədə təhlükəsizliyin qorunmasına xidmət edir. Həmçinin bölgədə təhdid yaratmaq istəyən qüvvələrə qarşı ciddi mesajdır. İstənilən təxribatçı təşəbbüsdə bu iki ölkənin gücünü, ordusunu görəcəklər. Təlimlər həm də dostlarımıza, bölgəyə investisiya qoymaq istəyən ölkələrə mesajdır ki, regionda təhlükəsizliyin təminatçısı iki qardaş ölkənin orduları olacaq".