Manukyan birmənalı Moskvanın adamıdır

Onun BMT mandatını bir missiya kimi irəli sürməsi boş söhbətdir


Məlum olduğu kimi, Ermənistan müxalifəti Vazgen Manukyanın başçılığı ilə Milli Komitə formalaşdırılıb. Vazgen Manukyan Qarabağa ermənilərin qayıtmasının BMT mandatı və beynəlxalq missiya tərkibində həyata keçirilməsini şərt kimi irəli sürüb. Hətta Ermənistan müxalifəti və iqtidarın da ermənilərin Qarabağa qayıtması üçün yekdil mövqeyə malik olduğu deyilir. 
  
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev bildirib ki, Vazgen Manukyanın yaratdığı Milli Komitə daha çox Paşinyanın hakimiyyətdən yıxılması üçün düşünülmüş bir versiyadır. Professorun sözlərinə görə, V.Manukyan birmənalı şəkildə Moskvanın adamıdır: "O, Ermənistanda müxtəlif vəzifələrdə olub. Təbii ki, Manukyan Qarabağ ermənilərinin dərdini çəkən adam deyil. Çünki Qarabağ ermənisi deyil. Onun BMT mandatını bir missiya kimi irəli sürməsi də boş söhbətdir. Çünki üçtərəfli razılaşmada qaçqınların öz yerinə qaytarılması məsələsi öz əksini tapıb. Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağ ermənilərinin geri qayıtmasına razıyıq və bu məsələdə hansısa problem yoxdur. 

Bəs niyə qayıtmağa qorxurlar? Çünki əksəriyyəti Vaqif Xaçaturov kimi azərbaycanlıları vaxtı ilə qanına qəltan edənlərdir. Qorxurlar ki, gələndən sonra bu məsələlər üzə çıxar. Orada azərbaycanlıların qanına əli batmamış demək olar ki, erməni yoxdur, tək-tük insan olar. Elə qalanlar da onlardır. Azərbaycana qarşı cinayət törətmiş hər kəs qanun qarşısında cavab verəcək. Ona görə də Qarabağa ermənilərin qaytarılması məsələsinin sülh müqaviləsinə salınması tələbi absurddur. Birincisi, müqavilə sənədi Ermənistanla Azərbaycan arasında qarşılıqlı sülhün yaradılmasına xidmət edir. İkincisi isə Qarabağ ermənilərinin geri qayıtması, o cümlədən Azərbaycan vətəndaşlarının geri qayıdışının sülh müqaviləsinə salınması deməkdir. Yəni Ermənistandan zorla çıxarılan yüz minlərlə Qərbi azərbaycanlının da geri qayıdışı sülh müqaviləsində əksini tapmalıdır. Ona görə də inanmıram ki, Paşinyan belə bir sənədə qol çəksin. Ermənilər Zəngəzur azərbaycanlılarının geri qayıtmasını özləri üçün "faciə" sayırlar". 

Həmsöhbətimiz vurğulayıb ki, Qarabağ ermənilərinin geri dönməsi üçün Azərbaycan da öz şərtlərini irəli sürüb: 

"Azərbaycan qanunlarını qəbul edən və təbii ki, xalqımıza qarşı cinayətlərdə iştirak etməmiş ermənilər sərbəst geri qayıda bilərlər. Amma bu, vaxtı ilə Azərbaycan vətəndaşı olmuş adamlara aiddir. O baxımdan manukyanların ssenariləri əhəmiyyətsizdir. Mən o vaxt Vazgen Manukyanla danışıqlarda iştirak etmişəm. O, bir müddət Ermənistan təhlükəsizlik orqanına rəhbərlik edib, baş nazir də olub. Manukyan Rusiyanın hərbi kəşfiyyatının sifarişlərini yerinə yetirir. Məqsəd Paşinyanı yıxmaqdır".