Nikolun Ermənistana köçən bir qrup separatçıya göz dağı vermək istəyi - ŞƏRH

Balasanyanın həbsi siyasi amillə bağlıdır

  Ermənistanın İstintaq Komitəsi Qarabağdakı keçmiş qondarma qurumun “sabiq təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan barədə qanunsuz silah saxlamaq faktı üzrə cinayət işi başladıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib. Onun sözlərinə görə, V.Balasanyan “Makarov” tipli tapançanı təhvil verib. Abramyan deyib ki, bu fakt üzrə ona qarşı "qanunsuz silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, göndərmə və ya gəzdirmə" maddəsi üzrə cinayət işi başlanıb. Bu iş üzrə maksimum 3 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
  Politoloq Elxan Şahinoğlu bildirib ki, İrəvanda erməni separatçılarının “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyana qarşı cinayət işinin açılması qanunsuz silah saxlama maddəsi ilə əlaqələndirilsə də, həbs səbəbi siyasi amillə əlaqəli ola bilər. Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyan Ermənistana köçən bir qrup separatçıya göz dağı vermək istəyir:

"Bəlli olub ki, Qarabağdan Ermənistana köçən ermənilərin bir qismində silah aşkarlanıb. Bu silahların gələcəkdə hakimiyyətə qarşı yönəlməməsi üçün Baş nazir Nikol Paşinyan böyük ehtimalla separatçıların liderlərini nəzarətə götürmək əmrini verib. Açılan cinayət işləri separatçıları Paşinyana qarşı gələcək addımlardan çəkindirməlidir. Paşinyan Qarabağ ermənilərinin mütləq əksəriyyətini İrəvana buraxmamaqla, ucqar şəhər, qəsəbə və kəndlərdə yerləşdirməklə doğru gediş edib. Qarabağ erməniləri bu vəziyyətdə Ermənistanın radikal müxalifətinə güc qata bilməyəcəklər".