Moskvanın təzyiqləri davam edir: Niyyəti nədir? - ŞƏRH

Rusiya Qarabağdakı sülhməramlı kontingenti fərqli adlarla saxlamaq niyyətindədir

  "Azərbaycanın Qarabağda həyata keçirtdiyi anti-terror tədbirlərindən sonra Ermənistan cəmiyyətində Rusiya barəsində mənfi imic formalaşıb". Bu barədə politoloq Turab Rzayev deyib.

Ekspert deyib ki, Ermənistan cəmiyyəti gördü ki, Rusiya əməliyyata heç bir şəkildə müdaxilə etmədi və Azərbaycan Qarabağ məsələsini birdəfəlik öz xeyrinə həll etdi: "Rusiya son günlər müxtəlif yollarla çalışır ki, Ermənistan cəmiyyətindəki imicini yüksəltsin. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu açıqlamalarını İrəvanda səsləndirib. Moskva dolayı yolla göstərməyə çalışır ki, baş verənlərin günahkarı indiki hökumət, yəni Nikol Paşinyandır. Hər fürsətdə vurğulayırlar ki, əgər Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, problem rəsmi Bakının xeyrinə həll olunmazdı. Faktiki olaraq Paşinyanı xain, erməni maraqlarını satmış şəxs kimi qələmə verirlər. Bunun əvəzində Kremlin ermənilərin problemini öz problemi kimi gördüyünün mesajını ötürürlər. Ermənilərlə mənəvi bağın qırılmasına mane olmağa çalışırlar".
  Analitik qeyd edib ki, Rusiyanın Azərbaycana təzyiqləri davam edir: "Rusiya Qarabağdakı sülhməramlı kontingenti fərqli adlarla saxlamaq niyyətindədir. Halbuki Qarabağda erməni əhali qalmayıbsa, rus sülhməramlılarının missiyası da bitmiş sayılır. Sülhməramlıları Qarabağda saxlamaq üçün bəhanə qalmadığına görə formatı dəyişməyə çalışırlar. Təbii ki, Azərbaycan dövləti də buna razılıq vermir. O baxımdan Rusiya rəsmiləri Bakıya da təzyiq göstərməyə cəhd edirlər".