Paşinyan artıq körpüləri yandırıb və geriyə yol qoymayıb

Qərbə maksimum yaxınlaşma 

Bu prosesə Kremlin mane olmaq imkanları o qədər də geniş deyil 


Rusiya hərbi bazalarının Ermənistanda olmasının heç bir üstünlüyü yoxdur. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “The Wall Street Journal”a müsahibəsində bildirib. Paşinyan bildirib ki, Ermənistan yeni tərəfdaşlar axtarır: “Moskva müttəfiq kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Xüsusilə də, Qarabağ məsələsində Azərbaycanı dəstəkləməklə. Bu hadisələr bizim təhlükəsizliklə bağlı əlaqələrimizi genişləndirməyə gətirib çıxardı. Biz indi bunu etməyə çalışırıq”. O, əlavə edib ki, bu səbəbdən Rusiya hərbi bazalarının Ermənistanda qalmağa davam etməsində heç bir üstünlük görmür. Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Paşinyanın təhlükəsizlik sahəsindəki əlaqələrin şaxələndirilməsi ilə bağlı dediklərinə aydınlıq gətirəcəyinə ümid edir. O qeyd edib ki, bu məsələ Ermənistanla təmaslar zamanı müzakirə ediləcək.

 Peskovun sözlərinə görə, Kreml “The Wall Street Journal” nəşrini mənbə kimi qəbul etmir və bu səbəbdən Paşinyanın məhz nəyi nəzərdə tutduğunu dəqiqləşdirmək lazımdır. Kreml rəsmisinin fikrincə, Rusiya və Ermənistan arasında dialoqun müxtəlif nəşrlər, xüsusilə “The Wall Street Journal” vasitəsilə saxlanması bəyənilən deyil: “Ona görə də biz erməni dostlarımızla söhbətimizi, dialoqumuzu davam etdiririk və bundan sonra da davam etdirəcəyik, bizim çox geniş gündəliyimiz var”. Xatırladaq ki, ötən gün Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın İrəvandakı səfirinə “Birinci Kanal”da yayımlanan televiziya proqramına görə etiraz notası təqdim edib. Vurğulanıb ki, oktyabrın 23-də “Birinci Kanal”da Ermənistanın yüksəkvəzifəli şəxslərinə qarşı təhqiramiz və tamamilə qəbuledilməz bəyanatların səsləndirilməsi ilə əlaqədar Rusiya səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. 

Politoloq Abutalıb Səmədov bildirib ki, Nikol Paşinyanın ciddi səyləri nəticəsində gərginləşən Moskva-İrəvan münasibətləri artıq özünün müəyyən nəticələrini verməkdədir. Analitikin sözlərinə görə, bu, ilk növbədə Azərbaycanın Qarabağ ərazisində apardığı antiterror tədbirləri zamanı rus sülhməramlılarının tutduğu neytral mövqedə özünü göstərdi:

 "Ermənistanın, Qarabağ ermənilərinin bütün gözləntilərinin əksinə olaraq rus sülhməramlıları bu prosesə demək olar ki, qarışmadılar. Bu da şübhəsiz, Ermənistan hakimiyyətinin son dövrdə tutduğu anti-Rusiya mövqeyi və Azərbaycan rəhbərliyinin də bundan çox müdrikliklə istifadə etməsi ilə əlaqədar idi. Kreml Paşinyan hökumətinin addımlarını zərərsizləşdirə bilərmi? 

Təbii ki, Paşinyan Qərbə maksimum yaxınlaşma xəttini tutub. Bu prosesə Kremlin mane olmaq imkanları o qədər də geniş deyil. 

Prosesin qarşısını almaq, əgər bundan əvvəl Serj Sarkisyanın prezidentliyi dövründə mümkün olmuşdusa, indi yenidən həmin hadisələrin baş verməsi ehtimalı çox azdır. Ancaq nəzərə alaq ki, Ermənistan ərazisində Rusiyanın hərbi bazası var. Bu baza 1995-ci il müqaviləsinə görə, 2044-cü ilə qədər Ermənistan ərazisində qalmalıdır. Ermənistanın aparıcı müəssisələri, Atom Elektrik Stansiyası istisna olmaqla, demək olar ki, bütün digər sənaye sahələri Rusiyanın nəzarəti altındadır. Ermənistan Rusiya qazından asılıdır. Rusiya qazının qiymətinin qaldırılması Ermənistan iqtisadiyyatına çox ciddi problemlər yarada bilər. Rusiyanın əlində digər vasitələr də mövcuddur və bu vasitələrdən şübhəsiz ki, maksimum istifadə edəcək". 
  
Siyasi şərhçi vurğulayıb ki, bu addımlar Ermənistanın Qərbə yaxınlaşmasının qarşısını ala bilməyəcək:

 "Paşinyan artıq körpüləri yandırıb və geriyə yol qoymayıb. Nəhayət, onun atdığı addımlar və Rusiya-Ermənistan münasibətlərinin kəskinləşməsi sülh prosesinə təsir göstərə bilərmi? Təbii ki, çox ciddi təsir göstərir. Bu gün Rusiya qəti şəkildə Qərbin vasitəçiliyinə etiraz edir. Qərb özündən başqa bütün vasitəçilik mexanizmlərini rədd edir. Çox təəssüf ki, bu gün Ermənistan vasitəçi seçməkdə qeyri-konstruktiv mövqe tutur. Yalnız Qərbin vasitəçiliyini qəbul etmək istəyir. Elə bu səbəbdən Tehrandakı "3+3" platformasının növbəti tədbiri də elə bir ciddi nəticə vermədi. Bundan sonra sülh sazişinin imzalanması, şübhəsiz ki, Rusiya-Ermənistan gərginliyi nəticəsində ləngiyə bilər. Baxmayaraq ki, prinsipial məsələlərin çoxu həll olunub və artıq sülh sazişini imzalamaq tamamilə realdır".