Ən ideal danışıqlar yeri Tbilisidir

Artıq Avropa İttifaqının vasitəçiliyi Bakı tərəfindən qapadıldı

  "Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin bu ayın axırında gözlənilən görüşü baş tutmadı".

 Bu barədə "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Avropa Parlamentinin Azərbaycana qarşı əsassız qətnamələri, Avropa İttifaqı rəsmilərinin ölkəmizin suverenliyinə qarşı açıqlamaları, Qarabağdan köçən ermənilərin geri qaytarılması məsələsinin danışıqlar masasına çıxarma cəhdləri gözlənilən görüşün üstündən xətt çəkdi:
 "Ermənistan Baş naziri Nikol Paşinyanın Tbilisidə sülhdən danışmasına  baxmayaraq, əsassız iddialar irəli sürülür. Azərbaycanın Qranada və Brüssel görüşünə qatılmaması, artıq Avropa İttifaqının vasitəçiliyinin Bakı tərəfindən qapadılması deməkdir. Ermənistanı sülh prosesindən yayındıran Avropa İttifaqıdır. Avropa İttifaqının mövqeyində dəyişikliklər rəsmi Parisin təzyiqləri fonunda formalaşıb. Avropa İttifaqı əvvəlki kursundan yayınaraq konkret məsələlərlə bağlı deyil, erməni iddiaları ilə məsələyə qarışır". 
  
Analitik hesab edir ki, Azərbaycan və Ermənistan arasında danışıqlar üçün üçüncü tərəfin iştirakı olmadan ikitərəfli format daha məqbuldur:

 "Azərbaycanın Ermənistanla üçüncü tərəfin iştirakı ilə mənasız sülh danışıqlarına ayırmağa vaxtı yoxdur. Ermənistan sülh və danışıqlarda maraqlıdırsa, Tbilisidə real sülh danışıqlarına qatıla bilər. Ancaq Nikol Paşinyanın hazırkı mövqeyi, siyasi gedişləri real sülhün əldə edilməsini sual altına qoyur".