Gürcüstanda sülh danışıqlarını aparmaq əlverişlidir? - RƏY

Əvvəl-axır Ermənistan da bu məsələdə aktiv rol alacaq, çünki çıxış yolu yoxdur

  Oktyabrın 27-də Tbilisidə Azərbaycanın Baş naziri Əli Əsədovla Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüş Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Tbilisi yaxınlığındakı Muxranidə baş tutub. Danışıqların təfərrüatları açıqlanmayıb. "İmedi" telekanalının məlumatına görə, üçtərəfli görüş bir neçə saat davam edib. Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib ki. Tbilisi qərəzsiz vasitəçi, Ermənistan və Azərbaycanın dostu kimi regionda sülhün bərqərar olmasında maraqlıdır: "Gürcü hökuməti regionda uzunmüddətli sülhün bərqərar olunmasında iştirak etməyə hazırdır".
  Gürcüstan parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Botçorişvili də deyib ki, Gürcüstan regionda sülhün təmin edilməsində rol oynayıb və oynayacaq: “Bizim arzumuz Cənubi Qafqazda sülhün olması və bu prosesə bacardığımız qədər töhfə verməkdir. Azərbaycan və Ermənistan baş nazirlərinin burada olmasını görmək çox yaxşı idi”. Komitə sədri Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının regionun inkişafına töhfə verəcəyini vurğulayıb.
  Millət vəkili Fazil Mustafa "Sherg.az"a açıqlamasında deyib ki, Gürcüstanda bu danışıqların aparılması daha əlverişlidir. Deputatın sözlərinə görə, Gürcüstan həm Ermənistana, həm də Azərbaycana yaxındır:

"Eyni zamanda Qafqazda gələcəkdə sülhün bərqərar olunması üçün bir vasitəçi məkana ehtiyac var. Konkret olaraq hansısa bir vasitəçi, dövlətin olması burada zərurət tələb etmir. Əsas Ermənistan və Azərbaycanın iradəsi ilə birbaşa görüşlərin keçirilməsi və münaqişənin həlli nəzərdə tutulur. Sonrakı prosesdə Gürcüstan da dövlət səviyyəsində nəzərdə tutulan tədbirlərdə hərəkət etmək imkanı əldə edir. Gürcüstanın özünə də təhlükəsizlik və barış hava və su kimi lazımdır. Ermənistanın bu məsələyə çox da isti yanaşmamasının səbəbləri var. Bu, daxili vəziyyətlə bağlıdır. Amma əvvəl-axır Ermənistan da bu məsələdə aktiv rol alacaq, çünki çıxış yolu yoxdur. Hər halda okeanın o tayından kimisə çağırıb bir masa arxasında oturtmaq anlayışına qarşıyıq. Daha çox birbaşa təmasın tərəfdarıyıq, çünki tərəflər o halda bir-birini daha rahat dinləyə bilirlər. Problemləri anlamaq mümkün olur".
  Parlament üzvü vurğulayıb ki, əgər buna nail olsaq, xeyli məsafə qət edilmiş olacaq: "Böyük sülh sazişinin imzalanması da qaçılmaz olacaq. Bütün hallarda Azərbaycan tərəfi hansı platformada olursa olsun, sülhə doğru atılan hər hansı bir addımı dəstəkləməyə hazırdır. Ermənistanın da buna iradəsi çatacaqmı? Bu suala yaxın zamanlarda baş verən proseslər cavab verəcək. Ümid edək ki, onlar da son hadisələrdən nəticə çıxardıb, bir model ətrafında Qafqazda sülhü təmin etmə modeli ətrafında müəyyən birləşmə həvəsini, istəyini ortaya qoyacaqlar".