Miyatoviç niyə bu ölkələrdə Fransanın etnik və dini zorakılıqlarını araşdırmır?

Vaxt gələcək, Fransa Ermənistanı satacaq

Birinci Dünya müharibəsi dövründə erməni araşdırmaçılar özləri bu fikri ortaya qoyub

“Bu gün Fransanın ermənilərin yanında olması təəccüblü deyil.

Tarixin bəlli dönəmlərində də erməniləri üsyana, qana təhrik edən dövlətlərdən biri Fransa olub”

  Fransanın mədəniyyət naziri Ermənistana səfər edib. Nazir Ermənistana anti-Azərbaycan mövqeyi ilə tanınan, erməni lobbisinin sözçüsü kimi fəaliyyət göstərən fransız parlamentari, Fransa Milli Assambleyasındakı Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorans Petel ilə eyni təyyarədə gəlib. Yəni erməni lobbisi faktiki olaraq naziri özü ilə gətirir və nazir məhz ona verilən məlumat və tezislər əsasında işini qurur. Bu, Fransa üçün utancverici haldır. Fransalı nazir ölkəsinin Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean regionu və Latın Amerikasında müstəmləkəyə çevirdiyi, təbii sərvətlərini taladığı, tarixini və mədəniyyətini silməyə çalışdığını ölkələrlə bağlı faktların da UNESKO, AŞPA tərəfindən araşdırılmasını niyə təşviq etmir? Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç niyə bu ölkələrdə Fransanın etnik və dini zorakılıqlarını araşdırmır?
  Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı deyib ki, Fransanın ermənilərin yanında olması təəccüblü deyil: 

"Tarixin bəlli dönəmlərində də erməniləri üsyana, qana təhrik edən dövlətlərdən biri Fransa olub". Alim bildirib ki, ermənilərdən ibarət ordu (legion) qurub Osmanlı dövlətinin Çuxurova bölgəsində, Kilikiyada, Maraşda, Hatayda qətliamlar törədənlər fransızlar idi: "Bu tarix unudulmayıb. İndi də Fransa Ermənistanı bu işlərə təhrik edir. Müasir Fransa Afrikadan qovulub və ona görə təsir imkanlarını bərpa etmək üçün özünə yeni yerlər axtarır. Hesab edirəm ki, bu məkan Cənubi Qafqaz olmayacaq. Çünki burada söz sahibinə çevrilmiş Türkiyə var. Mənə görə, Fransanın ermənilərə silah satışı adi ticarətdir. Bunun gələcəkdə ciddi müttəfiqliyə çevrilməsi üçün təməllər yoxdur. Bu, regionda gərginliyi artıracaq addımlardır və yenə də Ermənistanın başında çatlayacaq. Erməni araşdırmaçılar Birinci Dünya müharibəsi dövründə və ondan sonra fransızların onları satdığı fikrini ortaya qoyurlar. Vaxt gələcək eyni fikri günümüz Fransası ilə bağlı da deyəcəklər".