Səfirliyin müşaviri: “Azərbaycan və Belarus arasında əməkdaşlıq hər zaman yüksək səviyyədə olub”

“Azərbaycan və Belarus arasında əməkdaşlıq hər zaman yüksək səviyyədə olub”.

“Report” xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Tatyana Zubritskaya “Azərbaycan-Belarus: investisiyalar, ticarət və logistika” seminarının açılışında deyib.

Onun sözlərinə görə, heç bir geosiyasi çağırış ölkələr arasında əməkdaşlığa təsir göstərə bilməz: “İki ölkənin dövlət başçıları arasındakı münasibətlər əməkdaşlığımız üçün nümunədir. İqtisadi göstəricilər bizim sıx əlaqələrimizin əyani sübutudur. Azərbaycan Gömrük Komitəsinin bu ilin 9 ayının yekunlarına əsasən verdiyi məlumata görə, Belarus idxalda 13-cü, xarici ticarət dövriyyəsində isə 26-cı tərəfdaş ölkədir”.

Səfirliyin müşaviri bugünkü tədbirin ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi üçün əməli addım olacağını vurğulayıb.

T.Zubritskaya Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Belarusun rolundan da danışıb: “Hazırda bizim vəzifəmiz infrastruktur obyektlərinin yenidən qurulması üçün lazım olan məhsulların tədarüküdür. Amma biz bu torpaqlarda layihəndirmə və tikinti sahələrində layihələrin həyata keçirilməsində maraqlıyıq”.