Blinken Qəzzada ölən uşaqlara görə kədərlənir

ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun Qəzzadakı döyüşlərdə humanitar fasilələr görmək istəyini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi İsrailə səfərinin yekununda mətbuat brifinqində deyib.

Dövlət katibi bildirib ki, İsrail rəsmiləri ilə danışıqlarında humanitar fasilədən daha çox yardımın göstərilməsinə imkan yaratmaq, girovların azad edilməsini təmin etmək və HAMAS-ın müvəqqəti fasilədən öz xeyrinə istifadə etməsinin qarşısını almaqla bağlı müzakirələr aparıb.
"Biz mülki fələstinliləri qorumaq üçün daha çox iş görməliyik", - Blinken vurğulayıb.
İsrailin özünü müdafiə etmək hüququnun olduğunu deyən Entoni Blinken eyni zamnda “bunu necə həyata keçirməyin önəmli olduğunu” əlavə edib.
O, fələstinliləri müdafiə etməyin “doğru ” olduğunu və bunu etməməyin HAMAS-ın əlinə fürsət verdiyini qeyd edib.
Blinken deyib ki, qətliamın israilli uşaqlara necə təsir etdiyini izləyəndə kədərləndiyi kimi, İsrailin bombaladığı binaların dağıntıları altından fələstinli uşaqların, qız və oğlanların çıxarılmasını seyr edən zaman da kədərlənir.
"Onları görəndə, televizor ekranlarından gözlərinin içinə baxanda öz övladlarımı görürəm", - Blinken deyib.
ABŞ dövlət katibi bildirib ki, HAMAS fələstinliləri nəzərə almır və onlardan canlı qalxan kimi istifadə edir, infrastrukturunu və döyüşçülərini yaşayış binalarına, məktəblərə, məscidlərə, xəstəxanalara yerləşdirir.