Qərb geridə qalır: Dünyanın iqtisadi ürəyi Şərqə keçməkdədir?

Hətta sabah Vaşinqton və Brüssel bütün sanksiyaları aradan qaldırsalar belə, Rusiya bir daha Qərbə üz tutmayacaq.
Bunu Rusiya Prezidenti yanında Sahibkarların Hüquqlarının Müdafiəsi üzrə Müvəkkil Boris Titov deyib.
“İnanın ki, artıq geri qayıdış olmayacaq. Məsələ küsülülük və ya inciklikdə deyil. Sadəcə olaraq Qərb artıq keçmiş mərhələdir. Bəşəriyyətin gələcəyi Şərqdə yerləşir, burada təkcə Moskva ilə dost olmaq istəmirlər, həm də ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədirlər”, - Titov bildirib.

Açıqlamanı "Sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Titovun sözlərində həqiqət payı yüksəkdir:

"Belə ki, dünyanın inkişaf trayektoriyasına fikir versək, istiqamətin Qərbdən Şərqə doğru yönəlməsini müşahidə edərik. Hazırda dünyanın iqtisadi ürəyi Şərqə keçməkdədir. İqtisadi güc və resurslar özü ilə birlikdə yeni ittifaqlar doğuracaqdır. Son 5 illik nəticələr göstərir ki, 2030-cu ilə qədər Qərb Şərqin qarşısında rəqəmsal olaraq geriyə düşəcək. Rusiya, Çin, Yaponiya və Koreya kimi güclər bunun üçün çox çalışırlar".