Qərəzli Amerika: Vaşinqtonun sülh istəyi səmimidir?

“Biz Azərbaycan və Ermənistan arasında sülhü və münasibətlərin normallaşmasını dəstəkləyirik”.
Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen xarici jurnalistlər üçün onlayn brifinqdə deyib.
“Biz tərəflər arasında sülh sazişini, dayanıqlı və ləyaqətli sülhün əldə olunmasını dəstəkləyirik. Biz iki ölkənin sülhlə bağlı sağlam gündəliyinin olmasından həvəslənirik”, – ABŞ diplomatı deyib.
O bildirib ki, ABŞ-nin Azərbaycan və Ermənistanla siyasi, iqtisadi və təhlükəsizlik sahələrində yaxşı əlaqələri var.
“Biz hesab edirik ki, tərəflər arasında sülhün əldə olunması regional iqtisadi inkişaf üçün imkanlar yaradacaq”.
ABŞ diplomatı vurğulayıb ki, sülh region xalqları üçün səmərə verəcək.

ABŞ-li diplomatın  açıqlamalarını “Sherg.az” üçün şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, bir neçə ay öncə məhz Ceyms Obrayenin Azərbaycan əlehinə qərəzli açıqlamaları və təhdid kateqoriyasına aid oluna biləcək hədələri ucbatından Bakı və Vaşinqton arasında münasibətlər gərginləşmişdi:
“Amerikanın Azərbaycan rəsmiləri üçün sanksiya tətbiq etmək xəbərdarlıqları, 907- ci düzəlişin yenidən qüvvəyə mindirilməsi, rəsmi Bakı ilə münasibətlərdə müəyyən məhdudlaşdırılmaların tətbiq olunmasına yönəlik addımlar ABŞ- nin Azərbaycana münasibətinin qərəzli olduğunu göstərir. Yəni, belə bir ölkənin məmurunun sülh sazişi prosesində səmimi davranmasını gözləmək sadəlöhvlük olar. Əgər ABŞ, Avropa Birliyi, Rusiya və yaxud Cənubi Qafqazda sülh prosesinə dəstək vermək istəyən hansısa bir xarici güc mərkəzi səmimidirsə, sadəcə proseslərə müdaxilə etmək cəhdlərindən imtina etsin. Onlar  bu addımları ilə artıq böyük bir dəstək rolunu oynamış olacaqlar”. 

Politoloq hazırda vasitəçilik etmək istəyən hər bir ölkənin əsas məqsədini öz maraqlarını təmin etmək olduğunu söyləyib:
“Normalda  səmimi vasitəçi iki tərəf arasında görüşün təşkili ilə kifayətlənməlidir. Amma ABŞ, Avropa Birliyi eləcə də Rusiya vasitəçilik missiyasından özlərinin geosiyasi maraqlarını Cənubi Qafqazda təmin etmək üçün istifadə edirlər. Ölkələrinin  mənfəətlərini sülh danışıqlarından ön plana keçirirlər. Sözügedən tərəflərin sülhə dəstəklə bağlı açıqlamalarına inanmaq lazım deyil. Sülhə dəstək vermək istəyən məsələyə qarışmamalıdır. Prosesləri Ermənistan və Azərbaycan öz aralarında danışaraq həll etməlidirlər”.