Parisin çirkin siyasəti: Fransa Senatı Azərbaycana qarşı daha bir mənasız sənəd qəbul etdi

Fransa Senatında Azərbaycana qarşı sanksiya tətbiqinə çağıran qətnamə qəbul edilib.
Layihənin lehinə 295 səs, əleyhinə isə 1 səs verilib

Sözügedən qətnamənin Azərbaycan-Fransa münasibətlərinə təsiri barədə öz  fikirlərini "Sherg.az" la bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu söyləyib ki, Fransa Azərbaycana qarşı çirkin siyasətini davam etdirir:
"Onlar İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə də bu siyasətdən əl çəkməyib. Fransa Senatında Azərbaycana qarşı sanksiya tətbiqinə çağıran qətnamənin qəbulu gözlənilən idi. Əvvələrdə buna bənzər mənasız sənədlər qəbul edilib. Fransanın Azərbaycana sanksiya tətbiq etməsi əməkdaşlığın aşağı səviyyəyə enəcəyi deməkdir". 

Ekspert Azərbaycanın Fransadan heç bir asılılığının olmadığını vurğulayıb:
"Fransa bundan sonra  çalışacaq ki, Avropa İttifaqı da Azərbaycana qarşı hansısa qətnamə qəbul etsin. Avropa İttifaqında ölkələrin bir çoxu rəsmi Bakı ilə əməkdaşlığın davam etdirməsindən yanadır. Fransa Senatının sözügedən qətnamasindən sonra Azərbaycan Parlamenti adekvat müzakirələr aparmalı və Fransanın siyasətinə qarşı qətnamə qəbul etməlidir. Fransa ilə iqtisadi münasibətlərə yenidən baxmaq lazımdır".