Elmar Məmmədyarov: ABŞ-nin yeni səfiri də tapşırıqlar əsasında işləyəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Libbinin etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə söhbət etdi.
Azərbaycan Prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı.
Səfir ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Görüşdə Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə münasibətlərin perspektivlərinə, həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıldı. İqtisadi, enerji sahələrində və iki ölkənin biznes dairələri arasında əməkdaşlıq məsələlərinə toxunuldu.
Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə fikir mübadiləsi aparıldı.
ABŞ səfiri COP29-un bu il Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı.
Görüşdə COP29 çərçivəsində Azərbaycanla ABŞ arasında iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq imkanlarına da toxunuldu.
Mark Libbi (Mark Libby) ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri kimi diplomatik fəaliyyətə başlamaqdan şərəf duyduğunu bildirib.
 O, bu barədə səfirliyin “X” hesabında paylaşım edib.
“Mən ABŞ-ın Azərbaycandakı səfiri kimi rəsmi işimə başlamaqdan şərəf duyuram. Azərbaycanı kəşf etməyi, Azərbaycan xalqı ilə görüşməyi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün çalışmağı səbirsizliklə gözləyirəm”, – əlavə edilib.
Qeyd edək ki, 2022-ci ilin may ayının 25-də ABŞ Prezidenti Cozef Bayden diplomatı Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb.
Ancaq bu ilin yanvar ayının 3-də onun namizədliyi ilə bağlı təklif Bayden administrasiyasına geri qaytarılıb. Elə, həmin gün Dövlət Departamenti yenidən Libbinin namizədliyini irəli sürüb.
Baydenin Azərbaycana səfir namizədi Mark Libbi Vaşinqtondakı Milli Hərbi Kollecdə çalışıb. Libbi 2021-ci ilin iyun ayınadək ABŞ-nin Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib.
O, həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.

Yeni səfirdən gözləntilər barədə "Sherg.az"a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov söyləyib ki, hər ölkənin səfiri mərkəzin təlimatlarına uyğun fəaliyyət göstərir: 
"Mark Lippi də Amerika Dövlət Departamentindən göndərilən tapşırıqlar əsasında işləyəcək. Onun fəaliyyəti ilə bağlı fikir bildirmək üçün bir müddət gözləmək lazımdır. Zaman tanımalıyıq ki, o öz işini görsün. Daha sonra faydalı və ya faydasız olması ilə bağlı danışmaq olar".