Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalı çox artıb -ŞƏRH

Avropa İttifaqının mülki missiya adı ilə sərhəddə yerləşdirdiyi kontingent, əslində, elə hərbi xarakterlidir
Ermənistan Qərb dairələri tərəfindən məqsədli şəkildə müharibəyə sürüklənir.
Sülhü əngəlləmək üçün mümkün bütün imkanları səfərbər edən Qərb dairələri Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmağa çalışırlar.
Bu, Qərbin Bakı və İrəvan münasibətlərinə yanaşma tərzidir. Çox təəssüf ki, keçmiş ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmuş Fransa  regionda gərginliyi artırmaq üçün ciddi səylə çalışır.
Qərb ölkəmizdən son dörd ilə əldə etdiyi strateji üstünlükdən əl çəkməsini və əvvəlki vəziyyətə qayıdılmasını istəyir. Bu isə tamamilə qeyri-real və Azərbaycanın regional maraqları ilə uzlaşmayan təklifdir. Bu səbəbdən, təklif olunan yarımçıq sülh planı mahiyyət etibarilə Ermənistanı növbəti hərbi eskalasiyaya hazlamaq üçün zəruri olan zaman bölgüsüdür.
Ermənistan və ona silah tədarük edən ölkələrin hərbi-siyasi rəhbərliyi açıqlamalarında Ermənistana ötürülən silahların müdafiə xarakterli olduğunu deyərək beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar: “Ancaq bu gün onların əsl xisləti bəlli olur. Ermənistana tədarük edilən silahlar hər hansısa bir müdafiə yox, məhz hücum təyinatlı silahlardır.
Qeyd edək ki, Ermənistanda revanşizm meyillərinin güclənməsini sübut edən bir hal da Ermənistandakı “Yerkrapa” Könüllülər Birliyinin başçısı, deputat Sasun Mikayelyanın Azərbaycanla sərhəddə yerləşən mövqelərə baş çəkməsidir.
Erməni Teleqram kanallarının məlumatında bildirilib ki, Sasun Mikayelyan “Yerkrapa” batalyonlarının döyüş mövqelərinin dayaq məntəqələrinə baxış keçirib.
O, döyüş növbətçiliyində olan “Yerkrapa” üzvlərinin mənəvi-psixoloji durumu ilə maraqlanıb. Məlumat üçün bildirək ki, “Yerkrapa” Könüllülər Birliyi Azərbaycana qarşı müharibədə fəal iştirak edən terror təşkilatıdır.
“Yerkrapa” hər il Ermənistan büdcəsindən külli miqdarda vəsait alır.
2020-ci ildə Azərbaycanla 44 günlük müharibədə bu təşkilatın 74 üzvü ölüb, 114 üzvü yaralanıb. Müharibədən sonrakı dövrdə təşkilatın 4000-dən çox könüllüsü Ermənistan Müdafiə Nazirliyinin tərkibində müxtəlif döyüş mövqelərində döyüş vəzifəsini yerinə yetirir. Hazırda terror təşkilatına Ermənistan parlamentinin deputatı Sasun Mikayelyan rəhbərlik edir.
Ermənistanın silahlanması, ölkədəki revanşist qüvvələrin aktivləşməsi kimi məsələləri şərh edən siyasi ekspert Vüqar Dadaşov “Sherg.az"a açıqlamasında deyib ki, Qərbin Gürcüstanı Rusiyaya uduzmasından sonra Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalı çox artıb: 
“Kollektiv Qərb Cənubi Qafqazla bağlı siyasətində dönüş etmək üçün yeni müharibəni ən optimal variant, imkan hesab edir. Cənubi Qafqazla bağlı prosesləri Rusiya faktorundan analiz etmək daha düzgündür. Heç şübhəsiz ki, Qərb Ermənistanı silahlandırmaqla öz maraqları üçün istifadə edir və hesab götürür ki, yeni müharibənin ağır nəticələri Rusiyanı Ermənistandan çıxarmağa gətirəcək. 
Ermənistanın arxasında duran Fransa, həmçinin Avropa İttifaqı aydın görürlər ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər, vəziyyət günü-gündən pisləşir, Rusiya irəliləyir. Buna görə də onlar Rusiyanın diqqətini başqa səmtə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə çalışırlar. Ermənistanın yeni müharibə avantürası Qərbin növbəti planıdır. Burada Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst-üstə düşür.
Ancaq bu, yanlış hesabdır, ən son anda Rusiya Ermənistanda çevriliş edərək hakimiyyətə Kremlə loyal şəxsi gətirəcək. Nəticədə Qərb Gürcüstanda olduğu kimi, Ermənistanı da tam itirəcək. Paşinyan iqtidarının yeni müharibə anonsları ancaq Qərbin istəkləri üçün icra edilir. Erməni ictimaiyyətinə isə müharibə qəti lazım deyil. Fransanın, Yunanıstanın, Hindistanın və sair bəzi dövlətlərin Ermənistanı silahlandırması təkcə ikitərəfli münasibətlərdən qaynaqlanmır, Fransa, Yunanıstan, Hindistanın antitürk, antiislam, Türkiyə, Pakistan faktoru Azərbaycana qarşı münasibəti şərtləndirir. Ermənistanı silahlandıran dövlətlərin və Kollektiv Qərblə maraqları bir-birilərini tamamlayır”. 
V.Dadaşov qeyd edib ki, Avropa İttifaqının mülki missiya adı ilə Ermənistanda Azərbaycanla sərhəddə yerləşdirdiyi kontingent, əslində, elə hərbi xarakterlidir: 
“Şərti sərhəd boyu patrul xidməti aparan, hərbi dislokasiya, təhlükəsizlik məlumatları toplayan və heyəti əsasən hərbi ixtisaslı kadrlardan təşkil olunan missiya təbii ki, mülki missiya deyil. Gizli deyil ki, Aİ-nin məqsədi Cənubi Qafqazda rəsmən yerləşmək, Rusiyanı regiondan çıxarmaqdır. Elə həqiqət də budur ki, Ermənistan-Azərbaycan münasibətləri hazırda da Kollektiv Qərbin Rusiya ilə apardığı mübarizənin vasitəsidir. Ancaq Rusiyanın regiondan çıxarılması mümkün olmayacaq. Əksinə, proseslər daha da dərinləşərsə, Ermənistanda hakimiyyət dəyişikliyi qaçılmaz olacaq və Qərb Gürcüstandakı taleyi təkrar yaşayacaq. Bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov Ermənistanın demarşına "Ermənistan KTMT-nin üzvü olaraq qalacaq" açıqlaması elə qənaətimizə sübutlardan biridir”.