Fransanın Cənubi Qafqaz planı: Ermənistan üzərindən "kökə və qamçı" siyasəti yeridilir

İrəvanda Ermənistan və Fransa arasında strateji müdafiə məsləhətləşmələri nəticəsində 2025-ci il üçün müdafiə əməkdaşlığı proqramı imzalanıb.
Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Qeyd olunub ki, Ermənistan və Fransa 2025-ci il üçün müdafiə əməkdaşlığı proqramı çərçivəsində onlarla tədbiri əhatə edən sənəd imzalayıblar. İrəvanda keçirilən məsləhətləşmələrdə 2024-cü il üzrə əməkdaşlıq yekunlaşdırılıb, növbəti il üçün prioritetlər müəyyənləşdirilib.

Siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a bildirib ki, bundan əvvəl Avropa İttifaqı ilə Ermənistan arasında çoxşaxəli əməkdaşlıq proqramı ilə bağlı müzakirələr gedirdi:

"Ermənistan və Fransa arasında strateji müdafiə məsləhətləşmələri nəticəsində 2025-ci il üçün müdafiə əməkdaşlığı proqramı imzalanması diqqət çəkir. Çünki Fransa Avropa İttifaqının əsas üzvlərindəndir. Həm Avropa İttifaqı, həm də Fransa regionda sülhə mane olan əsas "oyunçu"lardandır. Bu baxımdan sözügedən tərəflərin Cənubi Qafqazla bağlı siyasətinin əsas istiqaməti təsir göstərə bildikləri dövlət üzərindən regiona müdaxilə etməkdir. Ermənistan üzərindən "kökə və qamçı" siyasəti yeridilir. Yəni Ermənistan əvvəlcə şirnikləndirilir, öz tərəfinə çəkilir. Daha sonra özündən asılı vəziyyətə salınır. Ən sonda isə Ermənistan Fransanın və Avropa İttifaqının Cənubi Qafqazla bağlı destruktiv xarakterli tapşırıqlarını yerinə yetirir. Müdafiə əməkdaşlıq proqramının xeyirə əlamət olduğunu düşünmürəm. Əksinə, bu proqram Ermənistanı növbəti revanş cəhdlərinə və gərginliyə hazırlaşdırmağa hesablanıb. Bu dövlətin müdafiə və təhlükəsizlik imkanları artırılacaq. Nəticədə ermənilərdə müəyyən mənada özünə inam yaradılacaq. Bundan sonra da Ermənistan sülhdən yayındırılacaq. Əsas məqsəd də elə budur. Ermənistan böyük və güclü dövlət deyil ki, Avropa İttifaqı ilə Fransa onunla əməkdaşlıqda bu qədər maraqlı olsun".