Əfşar Süleymani: Azərbaycan İrana, İran da Azərbaycana inanmalıdır

Azərbaycan-İran münasibətləri regional əməkdaşlıq çərçivəsində davam edir. Bu münasibətlərdə yüksək səviyyəli qarşılıqlı səfərlər və aparılan danışıqlar mühüm yer tutur. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfəri ilə bağlı müvafiq hazırlıq işlərinin aparıldığı bildirilir. İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilunun Teleqraf-a verdiyi müsahibəyə görə, bu cür səfərlər ikitərəfli əlaqələrin mövcud gündəliyinin müzakirəsi və inkişafı baxımından əhəmiyyət daşıyır.

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin, sənədlərin imzalanmasının işin görünən tərəfi olduğunu söyləyib:

"Əsas məsələ odur ki, bu razılaşmalar nə vaxt real şəkildə həyata keçiriləcək, yəni kağız üzərində deyil, əməli olaraq icra olunacaq. O zaman deyə biləcəyik ki, əlaqələr irəli gedir, inkişaf edir, yavaş-yavaş möhkəmlənir və dərinləşir. Bu sözlərin hər birinin öz mənası var. Ona görə də səfərlər, danışıq və məsləhətləşmələr, problemlərin müzakirəsi, tərəflərin bir-birindən gözləntilərinin ifadə olunması vacibdir, amma əsas nəticə əməli işdə görünməlidir. Məsələn, hazırda İran-Azərbaycan əlaqələrində konkret bir layihə var- Kəlalə-Ağbənd yolu. Bu yolun İran tərəfində tikintisi gedir və deyildiyinə görə, Novruz bayramı ərəfəsində tamamlanacaq. Bundan sonra sözügedən yol Azərbaycanlıların Naxçıvana gedişini daha da asanlaşdıracaq. Yol istifadəyə verildikdən sonra insanlar ondan faydalananda, vaxt itkisi azalanda, gediş-gəliş rahatlaşanda, xərclər aşağı düşəndə deyə bilərik ki, real bağlantı yaranıb və bu sahədə əlaqələr irəliləyir. Bu, birbaşa xalq üçün xeyirlidir. Amma yolun işləmə mexanizmi də çox vacibdir: başlanğıcdan problemsiz, maneəsiz, rahat şəkildə işləməlidir. Bunların hamısı bir-biri ilə bağlıdır".

Sabiq səfir İran-Azərbaycan arasında başqa layihələrin də olduğunu bildirib: 

"İran-Azərbaycan arasında sənədlər imzalanıb, həm Naxçıvan istiqamətində, həm digər tərəfdə elektrik stansiyalarının tikintisi məsələsi var. Bunlar həyata keçiriləndə görəcəyik ki, işlər hansı səviyyədə gedir, neçə faiz icra olunub və nə vaxt real səmərə verəcək. Əsas məsələ odur ki, bu layihələrdən müştərək şəkildə fayda əldə olunsun. Ticarət məsələsinə gəldikdə, deyilənə görə İran-Azərbaycan ticarət dövriyyəsi təxminən 520 milyon dollardır. Artım olduğu deyilsə də, mənim fikrimcə bu yetərli deyil. Hətta bir vaxtlar bundan daha yüksək idi. Halbuki bu rəqəm daha çox olmalıdır. Ən azı Rusiya-Azərbaycan səviyyəsində, ya da Azərbaycan-Türkiyə ticarət dövriyyəsinə yaxın olmalı idi, amma deyil. Halbuki İranla Azərbaycanın dörd açıq sərhədi var, nəqliyyat məsafəsi qısadır, xərclər azdır. Üstəlik, İranın valyutasının dəyərdən düşməsi səbəbindən Azərbaycan üçün İrandan məhsul almaq daha ucuz başa gəlir. Doğrudur, bu vəziyyət İran xalqı üçün çətindir, çünki alıcılıq qabiliyyəti zəifləyib, amma xarici ticarət baxımından imkanlar var. Əlaqələrin əsas istiqaməti də elə budur: ticarət, iqtisadiyyat, nəqliyyat, sənaye və müştərək layihələr. Mən məsələlərə real baxıram. Siyasi, təhlükəsizlik, mədəni və regional məsələlər də var. Xarici siyasətdə ölkələrin mövqeləri hər zaman üst-üstə düşmür və bu da münasibətlərə kölgə sala bilir. Ona görə də bu məsələlər şəffaf şəkildə həll olunmalıdır".

Əfşar Süleymani İran-Azərbaycan əlaqələrində əsas məsələnin qarşılıqlı inamın formalaşması və dərinləşməsində gördüyünü deyib:

"Azərbaycan İrana, İran da Azərbaycana inanmalıdır. Bu inam yarananda bir çox problemlər öz-özünə həllini tapır. Müştərək maraqlar üzərində işləmək lazımdır ki, ixtilaflar bu əməkdaşlıqlara mane olmasın. Bu proses bir-iki günün işi deyil. Artıq proses başlayıb və davamlı olmalıdır. Xüsusilə Pezeşkianın dövründə mövqelərin daha konstruktiv olduğunu görürük. Hər iki tərəfdən addımlar atılır, problemlər də tədricən həll olunur.Əsas odur ki, bu əlaqələrin real faydasını iki ölkənin xalqı görsün. Təkcə səfərlər yox, əməli nəticələr olsun. Sərhədlərin açılması, gediş-gəlişin artması, iş yerlərinin yaranması həm İran, həm də Azərbaycan üçün müsbət təsir yaradır. İnsanlar işləyir, pul qazanır, münasibətlər yaxşılaşır. Sərhəd məsələsi hər ölkənin suverenliyinə aid məsələdir, amma açıq və işlək sərhədlər əməkdaşlığı gücləndirir. Yeni yollar, yeni keçidlər açıldıqca onların təsiri də daha geniş olacaq".