Fikirlər haçalanır: Ali məktəblər Bakıdan köçürülməlidir?

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması


Artıq şəhərdə universitetlər bu qədər tələbəni məkan olaraq götürə bilmir


  Paytaxt Bakının Baş planı təsdiqlənib. Baş nazir Əli Əsədov bununla bağlı dekabrın 30-da qərar imzalayıb. Qərara əsasən, Bakının inkişafına dair bu plan 2040-cı ilədək olan dövrü əhatə etməlidir.
Bakının 2040-cı ilədək inkişafına dair Baş Planında təhsillə bağlı olan bəndlər xüsusi diqqət  çəkib. Baş planda paytaxda bir neçə universitetin ixtisaslaşmış vahid bir şəhərcikdə yerləşdirilməsi və yaxud mövcud universitetlərdən birinin tamamilə yeni bir yerə köçürülməsi proqnozlaşdırılır.  Daha dəqiq desək, ali təhsil müəssisələrinin Qala qəsəbəsi və  Xocasən gölünün ətrafına köçürülməsi planlaşdırılır: Paytaxtda nəqliyyat sıxlığını azaltmaq məqsədilə mərkəzdən kənarlarda "Universitet şəhərciyi” - Yeni bilik-biznes rayonu yaradılacaq.
  Qala qəsəbəsində və Xocasən gölü ətrafında dövlət və özəl ali təhsil müəssisələri üçün ümumi bilik mərkəzi yaradılacaq. Zirə qəsəbəsində kənd təsərrüfatı və aqrar-sənaye müəssisələrinin işçi qüvvəsi ilə təmin edilməsi üçün peşə təhsili mərkəzi yaradılacaq. Mədəni və sənaye irsi əyləncəli-təhsil Parkı yaradılacaq”.
  Qeyd edək ki, dünyanın inkişaf etmiş ölkələrinin demək olar ki, əksəriyyətində ali təhsil müəssisələri paytaxtın mərkəzində yerləşmir. Bu həm tələbələrin mikromühitinin formalaşması, həm də şəhərin sıxlığının azalması, paytaxtdan kənarda olan sektorların inkişafı baxımından əhəmiyyətli sayılır.
  İctimaiyyət üzvlərinin də böyük əksəriyyəti hesab edir ki, böyük universitetlərin əksəriyyətinin Bakının mərkəzində yerləşməsi şəhər üçün böyük yük yaradır. Ona görə də şəhərin mərkəzində olan ali təhsil müəssisələrinin nəqliyyat problemlərinin həlli nəzərə alınaraq bir az kənara köçürülməsi və orada daha yaxşı, böyük şəraitin yaradılması məqsədəuyğundur.
 
 Lakin millət vəkili Ceyhun Məmmədov “Sherg.az”a açıqlamasında universitetlərin Bakıdan kənara köçürülməsinin tərəfdarı  olmadığını deyib. Onun sözlərinə görə, paytaxtdakı nəqliyyat  sıxlığının əsas səbəbi  universitetlərin  Bakıda cəmləşməsi deyil. 
Deputat hesab edir ki, problemin kökü  vaxtilə Bakıda 5-10 min tələbə üçün nəzərdə tutulan universitetlərin hazırda daha çox sayda tələbə qəbul etməsindədir. Elə buna görə də qəbulu daha çox bölgələrdəki universitetlərə yönləndirməliyik. Məsələn, paytaxtdakı bəzi universitetlərin bəzi rayonlarda filialları var ki, onlar artıq universitetlərə çevrilməlidir.
Universitetlərin mərkəzdən kənarlara köçürülməsi məsələsinin uzun illərdir  müzakirə  olunduğunu xatırladan  millət vəkilinin sözlərinə görə, Bakının Baş Planında  söhbət  bütün universitetlərin yox, bir  universitetin  köçürülməsindən gedir: 
“ Ümumiyyətlə mən universitetlərin Bakıdan regionlara, şəhərətrafı qəsəbələrə köçürülməsi ilə bağlı irəli sürülən təklifləri məqsədəuyğun saymıram. Paytaxta yerləşən bütün universitetlərin köçürülməsinə ehtiyac yoxdur. Fikrimcə, təhsil müəssisələri eyni zamanda hər bir  ölkənin mədəni mühitinin  formalaşmasında çox böyük və mühüm rol oynayır. Hedab edirəm ki, universitetlərin şəhərdən kənara köçürülməsindən daha çox Azərbaycanda  eyni ixtisaslar üzrə təhsil verən bir neçə  universitetin birləşdirilməsi məsələsi nəzərdən keçirilməldir. Bir- birini təkrarlayan ixtisaslar üzrə kadr hazırlayan universitetlərin fəaliyyətinə ehtiyac yoxdur”. 

  C.Məmmədov hesab edir ki, universitetlərin köçürülməsindən daha çox iri şəhərlərdə yeni universitetlərin açılması məsələsinə diqqət yönəltmək lazımdır.:
"Həmçinin də  bölgələrdə yerləşən universitetlərə qəbulla bağlı plan yerlərinin sayı artırılmalı və gənclər bu universitetlərdə təhsil almağa təşviq edilməlidir. Lənkəran Dövlət Universiteti fəaliyyətdə olduğu halda lənkəranlı gənclər oxumaq üçün Bakıdakı universitetlərə  üz tuturlar. Vaxtı ilə 5-10 min tələbə üçün nəzərdə tutulan   universitetlərdə  bu gün 20 min tələbə təhsil alır. Buna nə ehtiyac var ki? Cənub, Şimal, Qərb, Şərq istiqamətlərindəki iri şəhərlərdə Universitetlər açılmalı və  qeyd etdiyim kimi, abitruyentlərin öz yaşadıqları rayonlarda olan universitetləri oxuması üçün stimullaşdırıcı addımlar atılmalıdır”. 
  
Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, hazırda  Bakı şəhərində təhsil alanların sayı ciddi şəkildə  çoxdur. Onun sözlərinə görə, bütün universitet, kollec və peşə məktəbləri Bakıda cəmlənməməlidir:
 “Hazırda Bakı şəhərində 39 ali təhsil müəssisəsi yerləşir və bu universitetlərdə 133.526 tələbə təhsil alır.
Bakı şəhərində yerləşən 326 orta məktəbdə 487 min şagird təhsil alır.
Təhsilin digər pillələrində, kollec və peşə təhsili müəssisələrində 35 mindən çox tələbə təhsil alır. Uşaq bağçalarında təlim-tərbiyə prosesinə 50 min uşaq cəlb olunub.
  Pedaqoji heyətin sayı 50 mindən çoxdur (28 min orta məktəbdə , 26 min universitet və kolleclərdə).
Əlbəttə ki, bu qədər insanın gün ərzində hərəkəti ictimai nəqliyyatda sıxlığı artıracaq. Ümumiyyətlə, mərkəzi ərazilərdə peşə təhsili müəssisələri və kolleclər olmamalıdır. Və ya niyə Bakı şəhərində təhsilin bütün pillələri üzrə təhsil müəssisələri olmalıdır?
Kollec və peşə təhsili müəssisələri yalnız bölgələrdə olmalıdır.
Bakı şəhərində yerləşən ali məktəblərin plan yerləri ciddi şəkildə azalmalı, əvəzində həm bölgələrdə yeni universitetlər açılmalı, mövcud universitetlərin plan yerləri artırılmalıdır.
Həmçinin bölgələrdə filial statusunda olan universitetlər müstəqil Universitet olmalıdır”.

  Ekspert qeyd edib ki, universitetlərin paytaxtın mərkəzində olması bir sıra problemlər yaradır:
 “Paytaxtın mərkəzindəki universitetlərdə təhsil alan tələbələrin sıxlığı ucbatından tıxac problemi yaranır. Bu, birmənalı şəkildə belədir ki, artıq universitetlər bu qədər tələbəni məkan olaraq götürə bilmir. Digər tərəfdən, Azərbaycan dünyaya inteqrasiya edir. Artıq tələbələrin kampusları olmalıdır. Amma paytaxtın mərkəzindəki universitetlərin buna imkanı yoxdur. Mütləq şəkildə tələbələrin yataqxana, kitabxana, məişət-iaşə  məsələləri həll olunmalıdır.
  Hazırda universitetlərin infrastrukturları dövrün tələblərinə cavab vermir, yəni maddi-texniki baza, inzibati bina yenilənməlidir. Qeyd edim  ki, bütün bunları paytaxtın mərkəzində həyata keçirmək baha başa gələ bilərdi.
  Universitetlərin şəhərin mərkəzindən kənarlara köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir. Qonşu Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunur.