Vüsalə hər kəsi kövrəltdi:“Dağ boyda qardaşı ölən bacıyam”

Aparıcı Vüsalə Əlizadə ötən ay yol-nəqliyyat qəzasında dünyasını dəyişən hərbçi qardaşı Əlihüseyn Əlizadədən yazıb.
“Sherg.az” xəbər verir ki, o qardaşının doğum günü olduğunu bildirərək bunları söyləyib:
“Allah səni 5 bacıya ərməğan verdi, uşaqlığımın ən böyük arzusu qardaşımdır. Yaraşıqlım, dağım, ən uca zirvəm, güvənim, fəxrim, dayağım, başımın tacı, paşam. Vətən, torpaq aşiqi igidim. Doğum günün mübarək bacısının bir dənəsi, sənə can sağlığı, uzun ömür, daha yüksək rütbələr, bol şans arzu edirəm. Allahım səni xətadan-bəladan uzaq eləsin,bacısının nəfəsi, körpəm, sonbeşiyim. Bir balanın toyunu görmək qismət olsun. Qardaşımın 33 yaşı olur, ay camaat, təbrik yazmışam, cənnətə göndərin. Kömək edin, nə olar sonra bacısndan küsər. Dağ boyda qardaşı ölən bacıyam. 

Doğum günün mübarək, qanımdan, canımdan gedən canım. 33 cənnət yaşıdır, deyirlər. Bu yaşında cənnətlə mükafatlanan igid qardaşım, 5 ildə üzünü 5 ay görmədim. Bilərəkdən uzaq oldun?  Bizi bu günə hazırlayırdın. Vətən sağ olsun, deyirdin. 

Nə edirəm, sənsiz o ulduzları, medalları? Sən ki bu dünyadan heç doymamışdın. Niyə atamla bəhsə girdin kimin adı daha çox yaraşacaq qara daşa deyib bəhsə girdin? 

Atamın iyini səndən alırdım, başımı sinənə qoyanda dünya çıxsın qarşıma, deyirdim. Sən ki vəfasız deyildin, niyə belə yarı yolda buraxdın məni? Bu qara daşdan qoxun gəlmir, sənin kimi oxşamır saçımı. Diləyimi sənə əmanət etmişdim, ay vəfasız. Rafaelimi mənə etibar etdin, ömürlük dağım oldun”.

Samirə