Nadirdən “üsyan”: “Elə xalq  artistlərimiz var ki, notu bilmirlər”

Son zamanlar sənət aləmində “Fəxri ad üsyanı" baş qaldırıb. Əvvəlcə müğənni Tacir Şahmalıoğlu video-müraciətlə ad istədiyini bildirib. Ondan bir müddət sonra əməkdar artist Cavanşir Məmmədov “Sherg.az”la həmsöhbət olarkən “Xalq aristi” fəxri adını almaq istəyini dilə gətirib. Hələ pərdənin arxasında neçə-neçə titul sevdasında olan sənətçi var. Onlar isə bu diləklərini istər media, istərsə də sevənləri ilə paylaşmır, zamanı gələndə layiq görüləcəklərini düşünürlər.

Fəxri adsız sənətçilərdən olan Nadir Qafarzadə “Sherg.az”a açıqlamasında 1983-cü ildən səhnədə olduğunu söyləyib:

“Azərbaycan dövlət televiziyasının uşaq kollektivlərindən gəlmişəm. 1990-cı illərin sonundan peşəkar səhnədəyəm. Müasir bəstələr ifa etmişəm, klassik əsərlər oxumuşam və bunları gənc nəslə tanıtmışam. Klip çəkdirmişəm, ifalarım radiolarda səslənib. Bu günə qədər dövlət tədbirlərindən, konsertlərdən qonorar almamışam. Deyilənə görə, qonorar yazılıb, lakin mən qəbul etməmişəm, bunun vətəndaş borcum olduğunu düşünmüşəm. Həmkarlarımın hamısı  qonorar alıb, bu gün də fəxri adları var. Məsələn, hərbi hissələrdə  konsertlərim olub, hərbi dəniz donanmalarına, cəbhə bölgələrinə yollanmışam. İllərini sərf edirsən, əziyyət çəkirsən, onun müqabilində hansısa  fəxri ada layiq görülürsən. Məndən sonra sənətə gələnlər övladlarımla yaşıddırlar, sənət təcrübəm qədər yaşları yoxdur.  Amma hamısı fəxri ad alıblar. Əvəllər kimsə tapşırırdı, “day-day”ın olmalı idi. Kimisi də pulla fəxri ad alırdı. Bəlkə də, vəziyyət  indi fərqlidir. Necə olur ki, illərdir səhnədəyəm fəxri adım yoxdur, dünən sənətə gələnin var? Bu nə vaxt yatdı, yuxu gördü ki,  əməkdar artist oldu? Hansı əməkdən söhbət gedə bilər? Danışanda da deyirlər, əks fikir söylədi, amma haqq-ədalətdən bəhs edirəm. Qazandığım pulları da sənətə həsr etmişəm. Artıq 50 yaşım  var, deyirlər, uşağın qayğısına vaxtında qalmaq lazımdır. Mən də uşaq deyiləm, ortayaşlı bir insanam, bundan sonra nə isə  gözləmirəm. Bizim fəxri adsız dünyadan köçən çox sənətkarımız olub. Düşünürəm ki, oxuduğum əsərlər, nəğmələr daim yaşacaqlar, məni xatırlayan insanlar olacaq.  Fikirləşməyəcəklər ki, onun fəxri adı yox idi, deyəcəklər  yaxşı sənətçi idi. Sənətkarlıq fəxri adla ölçülmür. Elə xalq  artistlərimiz var ki, not, yaxud da mahnını hansı muğam üzərində oxuduqlarını bilmirlər. (Bu əsnada müğənnini avtomobil idarə edərkən telefonla danışdığı üçün yol polisi saxlayır. O, söhbəti dayandırmalı olur və bir müddət sonra yenidən bizimlə əlaqə saxlayır,-red)”.

N.Qafarzadə onu da əlavə edib ki, Mədəniyyət naziri Anar Kərimovdan gözləntiləri var:

“ Ədalətlə qərar verməklərini çox istəyirəm, çünki mən artıq gecikmişəm.  O da düzdür ki, fəxri ad nəyisə həll etmir, amma bizə stimul verir. Olmayanda adam inciyir,  əziyyət çəkən insanı qiymətləndirmək lazımdır. İnanın dinləyicilərimin çoxu elə bilir ki, xalq aritstiyəm. Belə olmadığımı söyləyirəm, təəccüblənirlər. Yəqin qismət deyilmiş. Ümid edirəm ki, gələcəkdə bu məsələyə baxılacaq,  mənim də adım siyahıya salınacaq”.

Samirə