Ən intizamsız sürücü müğənni Afət Fərmanqızı və Günay İbrahimlidir

Zaman-zaman tanınmış simaların sükan arxasında öz video-fotolarını çəkərək paylaşdıqlarını, yaxud da canlı yayım açdıqlarını görürük. Onlar maşını bir əlləri ilə idarə edir, fikirləri isə telefonda, instaqramda, feysbukda olur. Bu qanun pozuntusunu isə çəkinmədən yayımlayır, nümayiş etdirirlər.
Bəs, bu tendensiyanın qarşısını necə almaq olar?

Məsələni “Şərq”ə dəyərləndirən nəqliyyat eksperti, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı deyib ki, dəfələrlə sözügedən materialları ictimailəşdirib, qınaq obyektinə çeviriblər: 

“Çalışırıq ki, onlar da düzgün yola gəlsinlər, anlasınlar ki, söhbət məşhurluğundan deyil, təhlükəsizlikdən gedir. Məsələn, ən intizamsız sürücü müğənni Afət Fərmanqızıdır. Bütün günü sükan arxasında canlı yayım açır. Həmkarı Günay  İbrahimli də onun kimidir. Dəfələrlə onların görüntüləri, videoları yayılıb. Bəzi  düşüncəsizlər yazıblar ki, burada nə var ki?Yəqin paxıllıq edirsən. Guya, G.İbrahimliyə paxıllığımız tutur. Birincisi, bunu özlərinə hörmət kimi başa düşməlidirlər. Anlamalıdırlar ki, belə paylaşımlar cəmiyyətə qarşı saymamazlıq etməkdir. Yəni deyirsən ki, mən toxunulmazam, istədiyimi edirəm. Fikrimcə, yol polisi onları çağırıb, bölmənin soyuq otaqlarından  birində söhbət etməli, protokolları yazılmalıdır.  Bütün  proseslər də lentə alınmalıdır. Söz sahibi olan insanlarla qaydalara əməl etməyən müğənniləri görüşdürmək lazımdır ki, onlar da ürək sözlərini desinlər. Bəlkə utanarlar. Axı Qarabağda oğullarımız can qoyanda, sən harada idin, Afət? Ya da digərləri harada idilər? Siz kimsiniz ki, özünüzü üstün tutursunuz?!  Bizim ən yüksəkdə duran vətəndaşlarımız şəhid ailələri və qazilərimizdir. Onların əksəriyyəti belə  hallara yol vermirlər. Bunlar yersiz hərəkətlərdir, insan yaxşı əməlləri ilə gündəmə gəlməlidir. Sükan arxasında  hoqqabazlıq etmək kimsəyə xeyir gətirmir. Bu hal bir neçə  dəfə təkrarlansa,  ya özü qəzada öləcək, ya da  kimisə vuracaq, həbsxanaya düşəcək. Tutulmasa da, ömür boyu vicdan əzabı çəkəcək”.

Ekspertin sözlərinə görə, hər kəs, xüsusilə də tanınmışlar məsuliyyətli olmalıdırlar:

“Xaricdə bu tip hadisələr olanda qınaq obyektinə çevrilir, nəticədə həmin adam üzr istəyir. Yoxsa  A.Fərmanqızı kimdir ki, ona görə bizə irad tuturlar? Onun çox videosuna baxmışam, təhlükəsizlik kəməri taxmır. Belə biabırçılıqlar var.  Demirəm ki, sükan arxasında kimsə telefonla danışmır. Amma bunlar  ictimailəşdirirlər, canlı yayım açırlar, diqqət yayınır. Bunun qarşısı alınmalıdır, vətəndaş görsün ki, Afət fironluq edirdi, tutdular, gözünü yaşlı qoydular. Lakin adam görür ki, Afətə güldən ağır söz deyən yoxdur. Yol polisi şifahi müraciətlər edə bilər, konkret siyahı göstərsinlər. Bildirsinlər ki, A .Fərmanqızının sosial şəbəkələrdə videosu yayılıb, qanun pozuntusuna yol verib, cərimələnsin”.

Samirə