Atatürk anıldı 

Dilqəm Əhməd: "19 may Türkiyə dövlətinin milad günüdür"

Hər il 19 may günü Türkiyədə Mustafa Kamal Atatürkü anma, gənclik və idman bayramı kimi qeyd edilir. 19 may eyni zamanda türk millətinin müstəqillik və özgürlük ümidlərinin inanca dönüşdüyü, qurtuluşa, aydınlıq gələcəyə olan inancın qüvvətləndiyi gündür. Dünən bu önəmli tarixin 102-ci ildönümü tamam oldu. Düz 102 il əvvəl 1919-cu ildə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk Samsuna ayaq basaraq, özgürlük savaşının təməlini atdı. Türk istiqlaliyyət savaşının başladığı 19 may tarixi həm də Atatürkün doğum günü kimi qeyd olunur. Tale elə gətirib ki, Türkiyə Cümhuriyyətinin qurucusu, dünyanın ən görkəmli sərkərdə və dövlət xadimləri sırasında yer almış Atatürkün rəsmi doğum günü tarixə naməlum qalıb.

Atatürk 19 mayı - Türkiyənin qurtuluşu və istiqlalı uğrunda savaşa başladığı günü özünün doğum günü olaraq xalqına, türk gəncliyinə və bütövlükdə tarixə ərməğan edib. 

Atatürkün mübarizə anlayışı bütün türk dünyası və əslində bütün millətlər üçün dərslərlə doludur. Bu mənada ən az Atatürkü anmaq qədər onu anlamağa çalışmaq da faydalıdır. 1918-ci ilin oktyabrın 31-də Osmanlı Mudros sülhü müqaviləsini bağlamağa məcbur olur. Türk qoşunları tutduqları bir çox əraziləri, o cümlədən Cənubi Qafqazı (Azərbaycanı) tərk etməli olurlar. "İttihad və Tərəqqi" hökumətinin rəhbərləri - Ənvər, Tələt, Camal paşalar isə alman gəmisində ölkəni tərk edirlər. Dövlət faktiki olaraq idarəolunmaz vəziyyətə gəlir. 1919-cu ilin yazında indiki Türkiyənin böyük hissəsi işğal edilmiş, o cümlədən yunan qoşunları ölkənin cənub-qərbini ələ keçirmişdilər. Belə olan təqdirdə Mustafa Kamal İstanbuldakı təslimçi hakimiyyətlə yolları ayırır. "Bandırma" adlı gəmidə İstanbulu gizlicə tərk edərək Samsuna gəlir. Burada mayın 19-da Qurtuluş savaşının başladığını elan edir. Zəfərlə bitən qurtuluş savaşı Türkiyənin tarixində və Mustafa Kamalın həyatında yeni bir şərəfli səhifə açdı. Türk xalqı yenilməzliyini sübut etdi, Türkiyə Cümhuriyyətinin ilk təməl daşı qoyuldu. 

Araşdırmaçı-jurnalist, Cümhuriyyət dövrünün tədqiqatçısı Dilqəm Əhməd “Şərq”ə açıqlamasında deyib ki, 19 may Türkiyə dövlətinin milad günüdür. Onun sözlərinə görə, Birinci Dünya müharibəsi nəticəsində qosqoca imperiya çökmüş, Fatehin fəth etdiyi İstanbul şəhəri düşmən tapdağı altına düşmüşdü:

“İngilislər şəhəri ələ keçirmiş, Osmanlının sayılıb-seçilən ziyalılarını, siyasilərini Malta adasına sürgün etmişdi. Xəlifə ingilislərin boyunduruğunu qəbul etmiş, ölkənin müstəmləkə altına düşməsinə izn vermişdi.

Atatürk Samsuna çıxmadan öncəki durumu “Nutuk” əsərində geniş şəkildə izah edib. Bilirsiniz ki, 1918-ci ilin 30 oktyabrında imzalanan Mudros müqaviləsi ilə Türkiyə məğlubiyyəti qəbul etmişdi.

Türkiyəni məğlub edənlər isə "xəstə dövlət" adlandırdıqları imperiyanın torpaqlarını öz aralarında bölmək üçün çoxdan hərəkətə keçmiş, gizli müqavilələr imzalanmışdı. 1920-ci ilin 10 avqustunda isə Osmanlını alçaldan Sevr müqaviləsi imzalandı.

Bu zaman isə əzilmişliyə etiraz edəcək bir güc artıq vardı.

Bu güc Mustafa Kamal paşanın öndərliyində qurulan Türkiyə Böyük Millət Məclisi idi. Artıq İstanbuldakı hökumətin türk xalqının taleyini həll etmək səlahiyyətində olmadığını bildirən Mustafa Kamal paşa 19 maydan sonra Qurtuluş hərəkatına başlamış, Amasya, Ərzurum qurultaylarını keçirərək xalqın dəstəyini qazanmışdı. Nəticədə Mustafa Kamal paşa bu hərəkətinə görə sultan hökuməti tərəfindən ölüm hökmünə məruz qalmışdı”. 

D.Əhməd qeyd edib ki, damad Fərid paşa hökuməti dövründə şeyxülislam olan Mustafa Səbri Atatürk haqqında ölüm fətvası vermişdi:

“Amma Mustafa Kamal paşa bütün bu çətinliklərə baxmayaraq, bir tərəfdən ingilis və yunanlarla müharibə apardı, digər tərəfdən İstanbul hökuməti ilə mücadilə etdi. Nəticədə silahdaşlarının cəsarəti ilə Qurtuluş savaşını qələbə ilə nəticələndirdi. Xüsusən, Dumlupınar qələbəsi Qurtuluş savaşının ən önəmli zəfəri oldu.

Necə ki, bu gün Zəfər günü olaraq qeyd olunur.

Müharibədən sonra imzalanan Lozan müqaviləsi ilə bugünkü Türkiyənin doğuşu tamamlandı. Əgər Mustafa Kamal paşa bu mücadiləni başlatmasaydı, indiki güclü Türkiyə Cümhuriyyətindən danışmaq mümkünsüz idi. Afrika ölkələri kimi Qərbin nəzarətində müstəmləkə altında balaca bir Anadolu dövləti olacaqdı. Mustafa Kamal paşa modern dövlət qurdu, “Misaqi-milli” sınırları içərisində türk dövlətini yaşatdı.

Onu da qeyd etmək lazımdır ki, Qurtuluş savaşına Sovet Azərbaycanı hökuməti də dəstək olub. Eləcə də azərbaycanlı zabitlər bu savaşda və sonrakı üsyanların yatırılmasında iştirak ediblər”.