Yaratdılar, biz də yaşadacağıq

Cümhuriyyətimizin bünövrəsi çox sağlam olub

Azərbaycan Türk Ocağı şanlı tariximizə işıq saldı


Dünən “Şərq” qəzetinin redaksiyasında Azərbaycan Türk Ocağının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Türk Ocağının sədri, “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, Cümhuriyyətin qurucularından Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, tanınmış rəssam Rəis Rəsulzadə, tarixçi-alim, professor Firdovsiyyə Əhmədova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazar-publisist İlhamə Qəsəbova, araşdırmaçı-yazar Rüstəm Kəsəmənli və digər qonaqlar iştirak ediblər. Tədbir çərçivəsində Azərbaycan Türk Ocağının qərargah sədri Sərxan Carçının baş redaktoru olduğu “Carçı” jurnalının Qafqaz İslam Ordusuna həsr olunmuş ikinci sayı da qonaqlara və ictimaiyyətə təqdim olunub. İştirakçıları salamlayan Akif Aşırlı Azərbaycan Türk Ocağı barədə qonaqlara qısa məlumat verib və bildirib ki, bu, Cümhuriyyətin ilk qeyri-hökumət təşkilatıdır.

Sədrin sözlərinə görə, təşkilatın əsas ideyası türk dünyasının birliyi, türk məfkurəsinin gələcəyə daşınmasıdır: “Azərbaycan Türk Ocağını bərpa etdik ki, tariximiz yaşasın. Məhəmməd Əmin Rəsulzadənin və onun əqidədaşlarının ortaya qoyduğu bu ideyanın həyata keçirilməsi bizim üçün olduqca vacibdir. Türk Ocaqları 1912-ci ildə Türkiyədə qurulub. Türkiyədə 90-dan, Avropada isə 20-dən çox şöbəsi fəaliyyət göstərir. Biz 1918-ci ildə Azərbaycanda yaradılan Türk Ocağının varisiyik. Özümüzü siyasi-ictimai və ideoloji baxımdan onların mənəvi irsinin daşıyıcıları hesab edirik. Bu gün AXC-nin yaradılmasının 103-cü ildönümüdür. Bununla bağlı Azərbaycan Türk Ocağının xalqımıza müraciəti var. Qurucu babalarımız hər il Cümhuriyyətin ildönümü ilə bağlı müraciət yayıblar. Biz də ənənəni davam etdiririk”.

A.Aşırlı “Carçı” jurnalının 2-ci sayı barədə də məlumat verib və dərgi ilə bağlı fikirlərini bölüşüb:

“Jurnalın bu sayı Qafqaz İslam Ordusu ilə bağlıdır. Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra, Batum müqaviləsinin 4-cü bəndinə əsasən, Azərbaycana yardıma gəlib. Bakının işğaldan azad olunmasınadək Osmanlı Türkiyəsi Azərbaycana 5 dəfə yardım edib. “Carçı” jurnalında Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi ilə bağlı elmi məqalələr dərc edilib. Jurnalda professor Firdovsiyyə Əhmədovanın, Aydın Qasımlının, Elmar Həsənlinin və s. elm adamlarının, araşdırmaçıların məqalələri yer alıb. Nəşrin önəmi ondadır ki, burada dərc olunan elmi məqalələrin hamısı tarixi mənbələrə, faktlara əsaslanır. Tarix o zaman elmə çevrilir ki, mənbələr əsasında qələmə alınsın. Hesab edirəm ki, Cümhuriyyətin 103-cü ildönümünə ən böyük töhfələrdən biri məhz “Carçı” jurnalıdır”. 

Daha sonra söz M.Ə.Rəsulzadənin yadigarı Rəis Rəsulzadəyə verilib. O bildirib ki, Azərbaycan Türk Ocağının bərpası böyük əhəmiyyət kəsb edir:

“Türk xalqı nəhəng millətdir, böyük xalqdır. Ona görə də əsrlər boyu bizə qarşı təzyiqlər olub. Azərbaycan Türk Ocağının bərpası siyasi-mədəni və milli əhəmiyyətə sahibdir. Sovet vaxtı, İkinci Dünya müharibəsindən sonra SSRİ Nazirlər Kabineti məxfi qərar vermişdi və ozamankı tarixçilərə tapşırılmışdı ki, türk xalqının tarixini saxtalaşdırsınlar. Onlar türk xalqının ruhunun dirçəlməsinə heç vaxt imkan verməyəcəklərini bəyan etmişdilər. Bu mənada Azərbaycan Türk Ocağının qarşısında böyük məsuliyyət var. Böyük iş görürsüz, sizə uğurlar arzulayıram. Sərxan bəyi də “Carçı” jurnalına görə təbrik edirəm. O, bu işləri can yanğısı ilə görür”. 

Tarixçi-araşdırmaçı Sərxan Carçı bildirib ki, 28 may günü neçə minillik dövlətçilik tariximizin dünyaya təqdim olunması idi. Araşdırmaçıya görə, 28 may tarixi bizim üçün çox önəmlidir:

“Bizim "Carçı" Araşdırma Mərkəzimiz var. Mən gördüyüm bütün işlərdə ilk növbədə Allaha, sonra dostlarıma güvənərək yola çıxıram. Burada olan hər kəsin mənim işlərimdə zəhməti var. Üç kitab müəllifiyəm. İlk kitabımın redaktoru və ön söz müəllifi Akif Aşırlıdır. Təqdimat mərasimində dedim ki, kitabımın hər səhifəsində tənqidi məqamlar ola bilər, ona görə də əvvəlcədən hamıdan üzr istəyirəm. O vaxt Rəis Rəsulzadə mənə dedi ki, “Sərxan, ola bilər hər səhifədə tənqid yer alıb, amma sənin hər cümləndə vətənpərvərlik var”. Bu söz mənə kifayət etdi ki, fəaliyyətimizi davam etdirim. “Carçı” jurnalının 2-ci sayında Akif Aşırlının, İlhamə Qəsəbovanın məqalələri dərc olunub. Oxucular tərəfindən çox maraqla qarşılanır”. 

Professor Firdovsiyyə Əhmədova diqqətə çatdırıb ki, Qafqaz İslam Ordusu məsələsinə ciddi yanaşmaq lazımdır. Alimin sözlərinə görə, bu, sıradan məsələ deyil:

“Reallıqları da nəzərə almalıyıq. Əgər o dövrdə Türkiyədən köməyə gələn Qafqaz İslam Ordusu olmasaydı, erməni-rus bolşeviklərinə qarşı uğurlu mübarizə mümkünsüz idi. Çünki Azərbaycanın nizami ordusu, silah-sursatı yox idi. Həmin məqamı gözardı etməklə biz hadisələrin miqyasını kiçiltmiş oluruq. Fətəli xan Xosyki deyirdi ki, “biz 50 minlik düşmən ordusu üzərində qələbə çaldıq”. Kimlərin üzərində necə böyük qələbə qazandığımızı heç vaxt unutmamalıyıq. Bakı beynəlxalq məsələyə çevrilmişdi. Qafqaz İslam Ordusunun fəaliyyətinin geniş auditoriyaya çatdırılmasının ən optimal yolu kinodur. Qafqaz İslam Ordusu haqqında çixhissəli filmin, serialın çəkilməsi çox müsbət addım olardı. Dağıstan hərəkatını, Qarabağ döyüşlərini və Gəncədən Bakıya doğru savaş yolunu əks etdirən filmlər çəkilə bilər. Amma səviyyəli filmlər çəkilməlidir”. 

Yazar-publisist İlhamə Qəsəbova da vurğulayıb ki, bayramlar arasında onun üçün ən gözəli, ən alisi 28 may Respublika günüdür:

“Bu gün bizə çox önəmli şəxsiyyətlər bəxş edib. Xoşbəxt insanıq ki, həmin mötəbər günün 100 illiyini qeyd etmək bizə qismət oldu. 23 aylıq ömrü olan Cümhuriyyətimiz yüz ilə möhürünü vura bilibsə, deməli, bünövrəsi sağlam olub. Qurucuların ideyaları çox güclü olub. “Carçı” jurnalını yaşadan, uzunömürlü edən onun mənbələrə dayanması olacaq. Gözəl iş görürsüz. Azərbaycan Türk Ocağının tədbirində iştirak etmək isə mənə əlavə zövq verir”. 
İ.Qəsəbova Ocağın fəaliyyəti ilə bağlı bir təklif də səsləndirib: “Əgər gələcəkdə imkan olarsa, bu təşkilatların fəaliyyətinə digər türk respublikalarından da nümayəndələr cəlb olunsun. Orta Asiya ölkələrini də prosesə qoşmaq mümkündür. O zaman fəaliyyətin miqyası daha da genişlənər”. 

Araşdırmaçı-yazar Rüstəm Kəsəmənli də qeyd edib ki, tələbə vaxtları Nəriman Nərimanovun, Orconekidzenin bir-biri ilə yazışmasını, teleqramları oxuyurdum: “Yaddaşım son zamanlar bir az pozulsa da, əvvəllər möhkəm olub. Oxuduqlarımdan bir qənaətə gəldim ki, ruslar və ermənilər Azərbaycan adında heç nə görmək istəmirdilər. Nərimanovun Zəngəzurla bağlı xalqa müraciətində sətiraltı görünürdü ki, vəziyyət həddindən artıq pisdir. Azərbaycanın tarixi torpaqlarını parçalamaq istəyirdilər. Bu planları Nəriman Nərimanov ona görə poza bildi ki, bizim Cümhuriyyətimiz olmuşdu. M.Ə.Rəsulzadə Nərimanovdan xahiş etmişdi ki, respublika statusunu qoruyub saxlayın. Yəni onu demək istəyirəm ki, Cümhuriyyət olmasaydı, bugünkü Azərbaycan da olmayacaqdı”.

Kinoşünas-yazar Ceyhun Mirzəli isə vurğulayıb ki, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və buradakı savaşları ilə bağlı bədii filmlər çəkilməlidir:

“Xüsusən, Bakının işğaldan azad edilməsini əks etdirən filmlərin olması yaxşı olar. Bu işi də Azərbaycan-Türkiyə kinoşünaslarının ortaq əməkdaşlığı ilə reallaşdırmaq lazımdır”.

Gənc fəal Mətin Yaqubəli deyib ki, bizə Cümhuriyyət kimi böyük bir miras qalıb:

“İnsanların öz dövlətinin, dilinin, bayrağının olması çox mühümdür. Bu mənada biz xoşbəxtik. Ancaq bədbəxtçiliyimiz ondadır ki, Cümhuriyyəti tam olaraq başa düşmürük. Dövlət o zaman müqəddəs olur ki, biz onu tanıyırıq. Cümhuriyyət, dövlət sadəcə struktur deyil, həm də bizim üçün varlıq səbəbidir”. 

Sonda Azərbaycan Türk Ocağının gələcək fəaliyyəti və nəzərdə tutulan layihələrlə bağlı da fikir mübadiləsi aparılıb.