Pandemiya da vəziyyəti xeyli dəyişdi

Ekspert də 65 yaşdan yuxarı müəllimlərin dərs deməyinin əleyhinədir

“Pandemiya şəraitində xüsusi diqqət yetirilməli olan məqamlardan biri də tədrisə cəlb edilən müəllimlərin böyük əksəriyyətinin yuxarı yaş qrupuna aid olmasıdır. Təbii ki, onlar pandemiya vəziyyətində yüksək risk daşıyıcılarıdırlar”. Bu barədə Təhsil İnstitutunun “COVID-19” şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı təklif və tövsiyələrini əks etdirən elmi araşdırmanın nəticələrində yer alıb. Bildirilib ki, yüksək risk qrupuna aid müəllimlərin sağlamlığının qorunması vacib prioritetlərdən biri olmalıdır.



Yuxarı yaş qrupunda aid olan müəllimlərin tədrisi aparmasının əleyhinə olduğunu vurğulayan təhsil eksperti Nabatalı Qulamoğlu bildirib ki, bu məsələlərə ümumiyyətlə, differensial yanaşmaq lazımdır:

“Hər şey ilk olaraq müəllimlərin fiziki durumundan asılıdır. 65 yaşında olan müəllimlərimiz var ki, onlar heç 30 yaşlı müəllimlər tədris etdiyi keyfiyyətli dərsi şagirdlərə mənimsədə bilmirlər və ya əksinə. Ümumiyyətlə, bu cür məsələlərə differensial yanaşmaq lazımdır. Azərbaycanda belə yanaşmanı obyektiv şəkildə aparmırlar. Həqiqətdir ki, çox zaman müəyyən məbləğ müqabilində onları saxlayırlar. Təhsil sisteminizdə ən böyük problemlərdən biri keyfiyyətli kadr çatımamazlığıdır.

Əgər vaxtında düzgün sertifikassiya aparılsaydı, müəllimlərin düzgün diaqnostik qiymətləndirməsi zamanı mənfi qiyməti alanlar kənarlaşdırılsaydı o zaman yeni kadr axını gələrdi. İndi müəllimlər üçün vakant yerləri çox azdır. Yeni kadrlarımızın əksəriyyəti repetitorluq fəaliyyəti ilə məşğuldurlar. Bu stimul da onların yaxşı kadr olmağa yönəldir.

Düşünürəm ki, vakant yerləri nə qədər çox olsaydı, kadrlarımızın keyfiyyəti dəyişərdi. Təbii ki, keyfiyyət dəyişsə, o zaman yaşlı müəllimlərin özü avtomatik gedəcək. Hesab edirəm ki, yaşlı müəllimin artıq enerjisi tükənmək üzrədir. Pandemiyadan sonrada 65 yaşdan yuxarı müəllimlərin dərs deməsinin ümumiyyətlə əleyhinəyəm”.