Müasir, gözəl bir şəhər qurulacaq

Gələn il zəngilanlılar Zəngilana köçəcək

“Vejnəli qızıl yatağının qanunsuz istismarında iştirak edən xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verilib”. Bu barədə Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Dövlət başçısı bildirib ki, Oxçuçay təbii fəlakət zonasıdır. Oradan götürülən analizlər göstərir ki, zəhərli maddələrin həcmi bəlkə də normanı 10 dəfə, 20 dəfə üstələyir: “Bu çayları da təmizləyəcəyik və burada dağ-mədən sənayesi inkişaf edəcək. Vejnəli qızıl yatağını ermənilər xarici şirkətlərlə birlikdə qanunsuz istismar edirdilər. O xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verdik”.
 
“27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı”

Prezident bəyan edib ki, uzun fasilədən sonra – 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı: “Qaytardıq. Şanlı ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi məhz düz bir il bundan əvvəl işğalçılardan azad etdi. Beləliklə, 27 illik işğala son qoyuldu: “İndi mən sizə xoş gəlmisiniz deyirəm, çünki mən sizi dəvət etmişəm ki, bu gözəl tarixi birlikdə burada qeyd edək. Amma ondan sonra mən Zəngilana gələndə zəngilanlılar xoş gəlmisiniz deyəcəklər”. Ölkə rəhbəri vurğulayıb ki, qısa müddətdə Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları, bütün bu infrastruktur qurulacaq. 

“Ordumuzu, iqtisadiyyatımızı, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq”

Ölkə başçısı qeyd edib ki, ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq: Tarixi ədalətə nail olduq. Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Çünki xalqımız bu işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı. Hətta bu torpaqları görməyən gənclər də bu torpaqların azad edilməsi eşqi ilə yaşayıblar və ölümə gedən də məhz onlar oldu. Birinci sırada gedən məhz o uşaqlar idi ki, işğaldan sonra dünyaya gəldilər və bəlkə də işğal dövründə onların 5-10 yaşı var idi. Yəni bu onu göstərir ki, xalqımız bu müqəddəs Zəfər gününü gözləyirdi və bütün çətinliklərə baxmayaraq, bütün əzab-əziyyətlərə baxmayaraq bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək”. 

“Çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq”

Prezident qeyd edib ki, indi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır: “Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. Bu təbii gözəlliyi nəzərə alaraq müasir, çox gözəl bir şəhər qurulacaq. Azad edilmiş torpaqlarda birinci "Ağıllı kənd" layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq”.