Çantası özündən böyük məktəblilər

Kamran Əsədov: "Çantanın çəkisi uşağın çəkisindən 15 faiz çox olmamalıdır"

Şəmsiyyə Namazlı: "Çantaların ağırlaşması skolyoz yaradır"


İllərdir həllini tapmayan məsələlərdən biri də məktəbliləri dərslərindən çox yoran ağır çanta problemidir. Problem müxtəlif illərdə qabardılsa da, hələ də bu istiqamətdə tutarlı addımlar atılmayıb. 

Təhsil eksperti Kamran Əsədov bu haqda "Şərq"ə danışarkən bildirib ki, valideynlər məktəbə gedən uşaqları üçün məktəb ləvazimatları alarkən ən çox onların çantalarına fikir verməlidirlər: "Şagirdlərin götürdüyü çantalar ya özləri ağır olur, ya da onların içərisinə o qədər dəftər-kitab yığılır ki, bu da şagirdlər arasında onurğa əyriliyinə kimi gətirib çıxarır.

Ona görə də məktəbli çantası mütləq yaşa uyğun seçilməlidir. Eyni zamanda çantanın materialına diqqət yetirmək lazımdır. Bunu etmədikdə yük birtərəfli qaydada bir çiyni üstə düşur və skaliozla nəticələnir. Bu isə sonda onurğa əyriliyinə gətirib çıxarır.

Bu gün təkcə dərs oxumaq yox, həm də o dərsi oxumaq üçün kitabları qoyduğumuz çantaları daşımaq müşkülə çevrilib.

İndi əksər hallarda aşağı sinif şagirdlərinin çantasını şagirdlərdən çox valideynlərin daşıdığını görürük. Bu isə əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir. Ağırlığı bəzən hətta 10 kiloqramı belə keçən çantalar tək şagirdlər üçün yox, elə valideynlər üçün də hər gün daşımalı olduqları yükə çevrilib.

Çantaların ağırlığının başqa bir səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır. Bilirik ki, şagird hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri özü ilə götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib çıxarır.

Sizə beynəlxalq təcrübəni və qəbul olunan prinsipləri deyim. Çantanın çəkisi uşağın çəkisinin 14-15 faizini keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər. Bununla bağlı monitorinq aparmışam. Məlum oldu ki, I sinif üçün 5 kitab var, onların çəkisi 2 kiloqram 145 qramdır, iş dəftərləri ilə birlikdə 4 kiloqram və ya 5 kiloqrama yaxındır. Əlavə qələm və digər ləvazimatları da daxil etdikdə bu rəqəm 7 kiloqrama çatır. Əlbəttə ki, bu, 1-ci sinif şagirdi üçün həddən ziyadə çoxdur. Çıxış yolu kimi, onu qeyd edim ki, çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı azaldılmalı kitabların həcmində ixtisarlar edilməlidir.

Amerikada uşaqlar çantalarında evə hər gün ağır kitabları gətirmək məcburiyyətində deyillər. Müəllim onların edəcəyi tapşırığın sürətini bir vərəqdə verir. Burada həftənin 5-ci günü şagirdlərə heç bir ev tapşırığı verilmir, onlara şənbə və bazar günləri istirahət üçün şərait yaradılır. Uşaqların dərsi qavraması isə hər həftə keçirilən test imtahanları nəticəsində məlum olur. Şagirdlərə verilən dərsliklər iki nüsxə olsa, birini evdə, digərini məktəbdə saxlasalar, o zaman onlar ağır kitabları daşımazlar. Təhsil Nazirliyi nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. 

Bu olduqca müsbət bir addımdır. Çünki şagirdlərin daşıdıqları çantalar həqiqətən də çox ağırdır. Çantanın ağır olmasına 4 amil təsir göstərir:

1.Çantanın özünün çəkisi, 2.çantaya qoyulan dərsliklər, 3 çantaya valideynlər tərəfindən qoyulan qida, su ehtiyatı, 4. Köməkçi və əlavə dərs vəsaitləri, ləvazimatları". Ekspert kitabların yüngülləşdirilməsinin bu formalarda həyata keçirilə biləcəyini vurğulayıb: "Dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilə bilər. Amma bu, olduqca təhlükəlidir. Çünki yüngül çəkili kağızlardan istifadə edilsə, dərsliklərin istifadə müddəti 1 ildən də az olar. Bu isə iqtisadi baxımdan sərfəli olmaz. Mütləq şəkildə dərsliklər əla növ kağızlardan istifadə edilməklə hazırlanmalıdır. Dərsliyin yazılış şiriftlərini kiçiltməklə həcminin azaldılması. Bundan ümumiyyətlə istifadə etmək olmaz. Onsuz da orta məktəblərdə təhsil alan şagirdlərin 65 faizində görmə problemi var və bu addımın atılması daha ciddi fəsadlar yarada bilər. Dərsliklərin həcminin azaldılması üçün paraqraf daxilində abzasların silinməsi. Bu da fikirlər arasında əlaqəni itirə bilər və dərsliklərin məzmunu yoxa çıxa bilər. Hesab edirəm ki, dərsliklərin çəkisinin azaldılması istiqamətində atılmalı olan ən zəruri addımların biri odur ki, dərsliklərdən hər şagirdə iki nüsxə verilsin, bir nüsxəsi evdə oxumaq üçün, digər nüsxəsi məktəbdə qalsın və şagirdlər çantalarında dərslik daşımasınlar".

Məsələnin tibbi tərəfindən danışan həkim Şəmsiyyə Namazlı bildirib ki, şagirdlər yuxarı sinifə keçdikcə onların məktəbli çantaları ağırlaşır. Bu zaman qanında kalsiumun səviyyəsi aşağı olan şagirdlərdə onurğa əyriliyi, skolyoz yaranır: 

"Skolyozlar dərəcəsinə görə müxtəlif olur. Birinci dərəcəli, ikinci dərəcəli və digər. Valideynlər bunu nəzərə alaraq hər il mütləq bu mövzuda həkimə müraciət edib, uşaqlarını müayinədən keçirməlidirlər. Eyni zamanda məktəblilər qidalarına da diqqət ayırıb, qanda kalsiumun miqdarını artıran qidalara üstünlük verməlidirlər. "Fast food" nə qədər az istifadə edilərsə, bir o qədər yaxşıdır. Ağartı məhsullarından istifadə sümüklərin möhkəmləndirilməsində unikaldır". Həkim-dietoloq skolyozun gözlə görüləcək qədər inkişafına şərait yaratmadan qarşısını almaqda qabaqlayıcı tədbirlər görmək üçün məktəblilərin hər ay həkim müayinəsindən keçməsinin labüd olduğunu vurğulayıb.