Qəbul imtahanları iki mərhələdə keçiriləcək! – “Bu, abituriyentlər üçün əlavə şansdır”

 “Gələn il qəbul imtahanlarının iki mərhələdə keçirilməsi planlaşdırılır”.
“Sherg.az” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənlərinin dəyişdirilməsi səbəbindən əlavə olunan coğrafiya fənninin məzmunları II qrupla demək olar, eyni olacaq”.

Məsələ ilə bağlı ‘Şərq’ə danışan  təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, pandemiya səbəbindən qəbul imtanlarının birmərhələli keçirilməsinə qərar verilmişdi:

 “Ondan öncəki  illərə baxsaq görərik ki, 2018 və 2019-cu ildə iki dəfə keçirilib. Bu, ilkin mərhələdə nəticələrindən narazı olan abituriyentlər üçün əlavə şans idi.

 Qiymətləndirmə baxımından diqqət yetirsək görərik ki, ikinci mərhələdə iştirak edən abituriyentlərin əksəriyyəti ilkin göstəricilərini artırır. 

Bu da keçid ballarına təsir göstərir. Məsələn, birmərhələli imtahanda hər hansı bir ixtisasa keçid balı 300-dürsə, ikimərhələli imtahanda bu bal 312, 320 olur. 

Rəqabətin artımı buna başlıca səbəb olur. Növbəti ildən birmərhələli imtahana qayıdış pandemiya şəraitinə uyğun olaraq ola bilər. 

Əgər qapadılmalar olarsa, yoluxma saylarında da artım müşahidə olunarsa, o halda mümkün ola bilər. 2022-2023-cü illərdə nə olacağını indidən deyə bilmərik. 

Pandemiya olmasa da, hansısa fövqəladə şərait yaranarsa, təbii ki, qəbul imtahanları yenidən bir mərhələdə keçirilə bilər”. 

Exspert bunun yalnız Dövlət İmtahan Mərkəzinin qəbul etdiyi qərar olmadığını,müvafiq olaraq aidiyyatı qurumların Təhsil Nazirliyinin, Nazirlər Kabinetinin tabeliyində olan müvafiq nazirliklərin Səhiyyə Nairliyi  və s.hamısının  bu prosesdə bilavasitə iştirak etdiyini vurğulayıb.