Növbəti həftədən məktəblər istiliklə təmin olunacaq

Mehriban Vəliyeva: "Bakı məktəblərində koronavirusa yoluxma ilə bağlı vəziyyət demək olar ki, stabildir"

"İstiliklə bağlı problem məktəblərdə davamiyyətin aşağı düşməsinə nisbətən təsir edir". 
Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, davamiyyətin aşağı düşməsinin səbəbləri müxtəlifdir, yəni səbəb yalnız istilik deyil:

 "Növbəti həftənin bazar ertəsindən etibarən məktəblərdə istilik təmin olunacaq. Şagirdlər də isti məktəblərdə tədrislərini davam etdirəcəklər. Bakı məktəblərində koronavirusa yoluxma ilə bağlı vəziyyət demək olar ki, stabildir. Təxminən 10-a yaxın məktəb distant təhsilə keçir və yenidən qayıdır. Vəziyyət nəzarət altındadır və lokal olaraq məsələni tənzimləməyə çalışırıq”.

M.Vəliyeva buster doza vaksinasiya ilə bağlı məsələyə münasibət bildirib:

"Nazirlər Kabinetinin qərarı və Təhsil Nazirliyinin müəyyən tapşırıqları ilə yerlərdə üçüncü doza vaksinasiyaya başlanılıb. Bu gün üçün üçüncü doza vaksin olunan müəllimlərin konkret sayı məlum olmasa da, onlar prosesdə fəal iştirak edirlər. İnanıram ki, bu çətin şəraitdən keçib pandemiyaya qalib gələ biləcəyik".