Avropa Qarabağ mövzusuna səssiz qalmayacaq

Moskva görüşü də, Brüssel görüşü də faydalı və lazımdır

Şarl Mişel Putindən aldığı əlavə məlumatlar əsasında liderlərin görüşünə hazırlaşmaq niyyətindədir

Rusiya Prezidenti Vladimir Putin Avropa Şurasının rəhbəri Şarl Mişellə telefonla danışıb. Bildirilib ki, onlar Qarabağ, Əfqanıstan və Liviyadakı vəziyyəti də müzakirə ediblər. Kremldən verilən məlumata görə, Putin Mişelin xahişi ilə 10 noyabr 11 yanvar tarixli üçtərəfli sazişlərin müddəalarının həyata keçirilməsi üçün atılan addımlar, dinc həyatın bərqərar edilməsi, iqtisadi və siyasi münasibətlərin bərpası, həmçinin Cənubi Qafqazda nəqliyyat əlaqələri açılması ilə bağlı məlumat verib. Xatırladaq ki, noyabrın 26-da Rusiya dövlət başçısının təşəbbüsü ilə Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək.

Şarl Mişel və Vladimir Putin arasında Soçi görüşü öncəsi baş tutmuş danışığı “Şərq”ə şərh edən siyasi şərhçi Azər Həsrət deyib ki, Mişelin Putinə zəngi, sadəcə, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı deyil. Onun sözlərinə görə, tərəflər geniş spektrli məsələləri müzakirə ediblər:

 “Xüsusən, Rusiya-Ukrayna məsələsi əsas müzakirə predmeti olub. Təbii ki, Mişel Azərbaycan-Ermənistan problemi ilə bağlı da Putindən əlavə informasiyalar istəyib. Putin də onu məlumatlandırıb. Bu, ondan xəbər verir ki, Avropa İttifaqı Şurasının prezidenti dekabrın 15-də Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşünə yaxşı hazırlaşmaq niyyətindədir. Ən azından istəyir ki, tərəflər 15 dekabrda Brüsseldə baş tutacaq görüşdən hansısa razılaşma ilə çıxsınlar. Yəni görüşdə nəticə olsun. Xatırlayırsızsa, Mişel Putindən öncə dövlət başçısı İlham Əliyevlə və erməni Baş nazir Nikol Paşinyanla da telefonla əlaqə saxlayıb. Yəqin ki, Mişel prosesləri özü üçün təhlil edəcək və tərəflərə müəyyən təkliflər verəcək”.
 
A.Həsrət əlavə edib ki, Putin də noyabrın 26-da tərəfləri bir araya gətirir: 

“Hər halda görüş təşəbbüslərinin ikisi də faydalı və lazımlıdır. Ümumiyyətlə, bu məsələdə Putinin bir qədər fəallaşmaya ehiyac duymasının özü də mühümdür. Bölgəmizdəki əsas qlobal güc Rusiyadır. Bu, danılmaz faktdır. Düzdür, bəxtimiz gətirib ki, yanımızda qardaş Türkiyə kimi bir dövlət də var. 

O baxımdan özümüzü rahat, güvəndə hiss edə bilirik. Məncə, Moskvanın aktivləşməsi ümumi işin xeyrinədir. Kreml istənilən halda münasibətlərin normallaşmasına töhfə verməyə məcburdur. Əgər Rusiya bunu etməzsə, dövrəyə başqa, kənar güclər girəcək. Necə ki, Avropa İttifaqı məhz belə məqamda ortaya atıldı. 

Bu isə əslinə qalsa, Moskvanın nüfuzuna ciddi zərbədir. Fikrimcə, Kreml rəhbəri məhz bu prosesdən sonra fəallaşmağa qərar verdi”.