Dövlət İmtahan Mərkəzində (DİM) keçirilən doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları ilə əlaqədar DİM-ə müraciət edən 23 şəxslə görüş keçirilib. Görüşdə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və müvafiq departament rəhbərləri iştirak ediblər. Müzakirələr əsasən imtahanın mürəkkəblik dərəcəsi ətrafında olub. Namizədlər imtahanda onlara güzəşt edilməsi və keçid balının aşağı salınmasını xahiş ediblər.
Eyni zamanda imtahanda istifadə olunan dinləmə mətnlərinin səsləndirmə qurğusundakı ardıcıllığı ilə bağlı yaranan uyğunsuzluqla əlaqədar müraciət edənlərə isə imtahanın yenidən keçirilməsi ilə bağlı təklif irəli sürülüb. Görüşdə olanlardan iki nəfər təklifə müsbət reaksiya verib və yenidən imtahanda iştirak etmək üçün ərizə təqdim edib.Beləliklə, səsləndirmədə olan uyğunsuzluğa görə narahatlıq keçirən və buna görə də bütün imtahan suallarının cavablandırılmasında çətinlik çəkdiklərini iddia edən iştirakçıların müraciəti əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən onların bu imtahandakı bütün nəticələri ləğv edilərək yenidən imtahan təşkil olunması qərara alınıb. Bu imtahandan toplanılan bal yekun imtahan nəticəsi kimi əsas götürüləcək.
Bu kimi hallar sosial mediada doktorantların narazılığının səbəbi nədir və DİM bu narazılığı aradan qaldıracaqmı sualı yaradır.
Məsələ ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, doktorantlar xarici dildə tədbiq olunan müsahibədə bal endirimi istəyirlər:
"Balın aşağı salınması ilə bağlı DİM-in hansısa bir güzəştlər edəcəyi gözlənilmir. Başlıca səbəb bu balların beynəlxalq sistem əsasında formalaşmasıdır. Digər narazılığ imtahanın bu gün keçirilməsi idi ki,bununla bağlı DİM tərəfindən qərar verilib və 19-u tarixində yenidən imtahan keçiriləcək.
Amma digər tərəfdən doktorantları da haqlı hesab etmək olar. Onlar üçün əsas ixtisas bilikləridir.Əlavə xarici dilin yoxlanılması bir o qədər də əhəmiyyət kəsb etməməlidir.
Yenə də müasir dövrdə yaşdığımız üçün ingilis dilində bilik və bacarıqlar tələb edilir. Düşünürəm ki bu biliklər namizədlərin gələcəkdəki karyerasının xeyrinədir".