İDDİA! - “Azərbaycandakı kolleclər ləğv olunsun!” - Rüşvət mənbəyidir!

“Bizim rüşvətlə bağlı mübarizə metodlarımız yoxdur və yaxud çox yumşaqdır”

“Sumqayit Tibb kolleci, tələbələr qan ağlayır. Rüşvəti yox edə bilməsəz də, azaldın. Azərbaycan Respublikası Təhsil Nazirliyi, xahiş edirəm ora nümayəndə yollayın, bazara dönüb. Valideynlər qan ağlayır”. Bu barədə jurnalist həmkarımız Elnurə Abışova öz Feysbuk heasbında paylaşım edib. 

Qeyd edək ki, gün ərzində buna bənzər daha iki fərqli iddia səslənib. Birinci hal Bakı Dövlət Universitetində baş verib. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri bildiriblər ki, kafedra müəllimi Sədaqət Əhmədova onlardan pul almaq üçün imtahandan kütləvi şəkildə kəsib. Tələbələr buna sübut kimi müəllimin səs yazısını paylaşıblar. Digər hadisə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yaşanıb. İkinci kurs tələbələri iddia edir ki, imtahandan qəsdən kəsirlər, daha sonra pul tələb edirlər: “Tələbə təqaüdünə ehtiyacı olanlar var, amma buna əhəmiyyət verən yoxdur. İmtahan zamanı tələbənin birindən telefon, birindən isə “şparqalka” tutdular, amma müəyyən səbəbdən bir tələbəni bağışladılar, digərini yox”. Eyni zamanda, iddia edilib ki, pul almaq məqsədi ilə Teatr sənəti fakültəsinin Aktyorluq ixtisasında multikulturalizm fənnindən yüksək balla imtahana daxil olan 22 tələbəni də imtahandan qəsdən kəsiblər.

Təhsil ocaqlarında yaşanan korrupsiya və rüşvət halları ilə bağı “Sherg.az”a danışan təhsil ekspeti Elşən Qafarov bildirib ki, ilk növbədə ölkədəki kolleclər ləğv olunmalıdır:

“Ali təhsilli şəxslərin sayına görə digər ölkələrdən kifayət qədər geridəyik. Keçmiş MDB məkanında ən sonuncu yerlər bizə məxsusdur.  Hər 100 nəfərdən sadəcə 17 nəfəri ali təhsillidir. Bu çox aşağı rəqəmdir. Kolleclər isə Azərbaycanda rüşvət mənbəyidir. Dəfələrlə, təklif etmişik ki, ümumiyyətlə, ölkədəki kolleclər ləğv olunmaldır. Subbakalavr dərəcəsi ali təhsilin 1 və 2-ci kurslarına aid edilərək, ali təhsil səviyyəsinə çevrilməlidir”.  

Təhsildə rüşvətin aradan qaldırılması üçün görüləcək tədbirləri səsləndirən ekspert vurğulayıb ki, bizim rüşvətlə bağlı mübarizə metodlarımız yoxdur və yaxud çox yumşaqdır:

“Ən yaxşı halda rüşvətlə tutulan şəxsin əmək müqaviləsinə xitam verilir. Bu səbəbdən heç kimdə qorxu yoxdur. Rüşvətə görə cinayət məcəlləsindəki müvafiq maddələr sərtləşdirilməlidir. Bu məsələ ağır cinayətlər halına gətirilməli, rüşvət alan şəxs 8 ildən 15 ilə qədər azadlıqdan məhrum edilməlidir. Rüşvət götürən təhsil müəssisəsinin rəhbəri və ya həmin müəllimlər həbs olunarsa, düşünürəm ki, effektiv nəticə verər.
Hesab edirəm ki, mübarizə metodlarının sərtləşdirilməsi ilə yanaşı müəllimlərin əməkhaqqı da qaldırılmalıdır. Bu işlər paralel aparılmalıdır”.