Millət vəkili Fazil Mustafa məktəblərin 15 sentyabrda başlamasına dair narazılıq ifadə edib. Deputat qeyd edib ki, kim nə deyir desin, müstəqillik dövrümüzdə alınan ən yersiz, lazımsız, faydasız, zərərli qərarlardan biri və bəlkə də birincisi orta və ali məktəblərdə dərslərin sentyabrın 15-dən başlaması barədə qərardır:
“Fikrimcə, bu qərar təhsil sistemimizdə məqsədli şəkildə dolaşlqlıq yaratmaq üçün verilib. Məhz bu qərara görə, Azərbaycanda bütün tədris planı allaq-bullaq olub. Yalan deyirlər, mayın 25-dən sonra heç bir məktəbdə normal dərs keçirilmir, bütün təhsil sistemimiz bu mənasız qərarın girovuna çevrilib. Heç bir ciddi əsaslandırması da yoxdur. Müəllimlər də iyun ayının 15-dək olan mənasız uzatmalardan beziblər. Müzakirəyə çıxarın görək neçə faiz ağıllı tapılacaq ki, dərslərin 15 gün gec başlamasını dəstəkləsin? Mən tam əminliklə söyləyirəm, dərsləri sentyabrın 1-dən başlamaq qərarı verilsin, tədrisin keyfiyyətinə dərhal öz təsirini göstərəcək. Tədrisdə itirilən bir gün belə önəmlidir. Sentyabrın 1-i dərslər başlamalıdır!”.
Təklifə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a söyləyib ki, dərslərin gec və ya tez başlaması təhsildəki keyfiyyətin göstəricilərindən deyil:
"Əvvəlki dövrlərdə dərslər sentyabrın 1-də başlayır, may ayının 25-i yekunlaşırdı. Lakin Azərbaycan 2004-cü ildə Avropa təhsil sisteminə inteqrasiya etdikdən sonra dərslərin sentyabrın 15-i başlanılması və iyun ayının 14-nə qədər aparılması əsas götürüldü. Eyni zamanda dünyada qlobal istiləşmənin baş verməsi və sentyabrın 15-nə qədər kəskin istilərin olması bu hala təsir edən amillərdən biridir. Bildiyimiz kimi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlar kurikulum əsasında götürüldüyü üçün vaxt alır. Dərslər sentyabrın əvvəlinə keçirilərsə ,o zaman gərək imtahanlar yanvar ayına təyin olunsun. Ümumilikdə bunların hər biri bir-birinə zəncirvari bağlıdır. Hazırda təhsillə bağlı heç bir vaxt dəyişikliyi etmək zərurəti yoxdur”.