Müəllimə qarşı aqressiyanı daha da artıracaqlar


Şagirdləri nizam-intizama cəlb etmək şagirdi cəzalandırmaqla mümkün olacaq iş deyil
 
  “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın pilot tətbiqinə başlanılıb. Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib. Qeyd edilib ki, ilkin mərhələdə 300-dən çox məktəbdə tətbiq ediləcək pilot layihə 322 min nəfərdən çox şagirdi əhatə edəcək. Həmin müəssisələrdə davranış qaydalarının tətbiqi tədris ilinin sonunadək davam edəcək. Qeyd edək ki, orta məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlər üçün ötən il cəza tədbirləri müəyyənləşdirildi. Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlərə müəllim baxışı, qeyri-verbal münasibət,  şagirdlərlə sakit söhbət, xəbərdarlıq, uzaqlaşdırma, valideyn ilə əlaqə saxlamaq, dərsdən sonra şagirdin məktəbdə saxlanması, psixoloqa yönləndirmə,  sarı xəbərdarlıq, narıncı xəbərdarlıq, qırmızı xəbərdarlıq. Məlumdur ki, davranış qaydalarının pozulması cəza tədbirlərinin “yüngül, orta, ağır, yüksək ağırlıqlı” kimi dərəcələrə bölünməsi məktəblərdə son illərdə baş verən “ağla zərər” hadisələr, bu azmış kimi baş verənlərin videoya çəkilərək sosial şəbəkələrdə yayımlanmasıdır. Daha nələr baş verməyib ki, orta məktəblərdə; müəllimin təhqir olunmasından tutmuş yumurta-pomidor “qonaqlığına” qədər. Açığı, orta məktəblərdə “davranış pozuntusu”nun ən yaxşı nümunəsi  soyuqdan donan şagirdlərin bunu əllərində plakat tutaraq ölkəyə elan etməsiydi. Amma bəziləri bunu da zidd davranış olaraq dəyərləndirdi. İndi pilot layihənin icrasına başlanması məktəblərə, ümumən təhsilimizə nə qazandıracaq?        
  Təhsil eksperti, fəlsəfə doktoru Kamran Əsədov “Şərq”ə açıqlamasında şagirdlərin inzibati cəzalara məhkum edilməsinin dünya təcrübəsində olmadığını dedi:
- Belə bir şey dünyann heç bir yerində yoxdur. Bunu özlərindən uydururlar. Təhsilin keyfiyyətini yüksəltmək, şagirdləri nizam-intizama cəlb etmək şagirdi cəzalandırmaqla mümkün olacaq iş deyil. Şagirdin cəzalandırılması dünyada qəbul edilmir. Şagirdi cəzalandırmaqla nə onu nizam-intizama cəlb etmək mümkündür, nə də təhsilə marağını artırmaq. Əksinə, şagirdi cəzalandırmaqla onda məktəbə, müəllimə qarşı aqressiyanı artırmış olacaqlar, şagirdlər müəllimlərə, məktəbə qarşı birləşəcək artıq. Bu da məktəblərdə daha ciddi problemlər yaradacaq. Təlim-tədris sistemində cəza anlayışı ümumiyyətlə yoxdur.  Müəllim-valideyn əməkdaşlığını sağlam şəkildə qurmaq, şagirdi təşviq etmək, onda təlimə, təhsilə həvəs oyatmaq, şagirdə məsuliyyət yükləmək anlayışları var, bunu da bizim Təhsil Nazirliyi və tabeliyində olan qurumlar bacarmır. Məktəblər artıq idarəolunmaz səviyyəyə çatıb. Məktəblilər də həmçinin. Bunun da baiskarı yarıtmaz fəaliyyət göstərən Təhsil Nazirliyidir, Azərbaycan təhsilini bu cür bərbad hala salanlardır. Mən artıq bir neçə dəfə onlara səslənmişəm  ki, cənablar, xanımlar, sizin vəzifə başında qaldığınız hər saniyə təhsilimizi uçuruma daha da yaxınlaşdırır. Lütfən, istefa verin, gedin. İşi bacaranlar gəlsin. İşi bacaranlara tapşırmaq lazımdır.