Təhsili yarımçıq qalmış türklər Azərbaycanda oxuyacaqlar




  Türkiyədə zəlzələ bölgəsində zərərçəkən Türkiyə vətəndaşı olan şagirdlər Azərbaycanda birinci dərəcəli yaxınlarının yanına gəlib. Bu barədə "Trend"in sorğusuna cavab olaraq, Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyindən bildirilib. Qeyd edilib ki, hazırda onlardan 20 şagird Bakı Türk Anadolu liseyində təhsil alır. 

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ bölgəsində yaşamış əhali ərazidən təxliyə edilib, o cümlədən də azərbaycanlılar arasında ölkəyə qayıdanlar var. 
  Bakıda təhsilini davam etdirəcək şagirdlər hansı çətinliklə üzləşə bilər? Təhsil eksperti Elçin Əfəndi “Şərq”ə açıqlamasında qeyd etdi ki, ölkələrimiz və xalqlar arasındakı qardaşlıq, qarşılıqlı yardımlaşma təhsil sahəsində də özünü göstərir: 
- Əlbəttə, soydaşlarımızın ailəliklə qardaş Türkiyədən Azərbaycana gəlməsi təbii fəlakətin nəticələri ilə bağlıdır. Azərbaycan Elm və Təhsil Nazirliyi üzərinə düşən vəzifəni yerinə yetirərək Türkiyədə təhsili yarımçıq qalmış şagirdlərə Azərbaycanda təhsillərini davam etdirmək imkanı yaradır. Zəlzələ bölgəsindən gələn şagirdlər Türkiyə təhsil sisteminə daha çox uyğun olduğu üçün Anadolu liseyinə yerləşdirilib. Bu liseyin tədris proqramı Türkiyə təhsilinə uyğundur. Tədris proqramında müəyyən fərqlər dil və ədəbiyyat fənləri üzrə ola bilər. Lakin ümumi fənlərdə fərqlilik demək olar ki, yoxdur. Şagirdlərin yerləşdirilməsi də Azərbaycan və Türkiyə təhsil nazirlikləri arasında imzalanmış sazişə uyğun həyata keçirilir. Ali məktəb tələbələri arasında  təhsilini Azərbaycanda davam etdirmək istəyənlərsə, Türkiyədə müvəqqəti məskunlaşmış şəxslərdirsə, burada mütləq qeydiyyata düşməlidirlər.  
  E.Əfəndi qeyd etdi ki, Türkiyədən təxliyə edilmiş ailələrin övladlarının biliyinin qiymətləndirilməsində güzəştlər olmalıdır: 
- Nəzərə alınmalıdır ki, bu şagirdlər zəlzələ fəlakətini yaşamış uşaqlardır. Onlarla həssas davranılmalıdır. Tədris prosesində, illik qiymətləndirmədə də bu amil diqqətə alınmalıdır.