Məktəbdən kursa qaçan şagirdlər: Harmoniya lazımdır!

Valideyn heç bir halda təhsildən kənarda qalmamalıdır

“Şagirdlərin öyrənmə prosesində müəllim bir havaya oynayır, valideyn isə başqa havaya oynayır”  


  “Bakı şəhər təhsil idarəsi çox maraqlı layihəyə başlayıb. Valideynlər üçün “Yay məktəbi”nə start verilib. İctimai Şura olaraq Məktəb Ailə və İcma konsepsiyası baxımından da valideynlərin  məktəblə münasibətlərinin doğru qurulmasının nə qədər önəmli olduğunu görürük”. Bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib. Onun sözlərinə görə,  paytaxtdakı məktəblərdə BŞTİ-nin təşəbbüsü ilə reallaşdırılan valideynlər üçün "Yay məktəbi"nin təşkilində  əsas məqsəd uşaqlarla yaş dövrünə uyğun davranışla bağlı valideynləri maarifləndirmək, şagirdlərin təhsil nailiyyətlərinin artırılması baxımından məktəb-valideyn əməkdaşlığını müzakirə etməkdir: “Həmçinin yeni tədris ilində qarşıya qoyulan hədəflərlə bağlı valideynləri məlumatlandırmaq, həmçinin məktəb-valideyn münasibətlərini təkmilləşdirmək, məktəbdaxili proseslərə valideynlərin cəlb olunmasına dair fikir mübadiləsi aparmaq, effektiv məktəb mühitini formalaşdırmaq və məktəbin nüfuzunun artırılmasına nail olmaqdan ibarətdir.“Yay məktəbi”nin proqramına əsasən, təqdim olunan “Övlad-valideyn münasibətləri” mövzusunda psixoloji-interaktiv iş, sual-cavab sessiyaları da valideynlər tərəfindən maraqla qarşılanır”.
 Təhsil eksperti Qoşqar Məhərrəmli isə “Sherg.az"a açıqlamasında  şagirdlərin öyrənmə motivasiyasının artırılmasında valideynlərin rolunun  əhəmiyyətli olduğunu deyib. 
  Onun sözlərinə görə, məktəbin və təlim-tədris prosesinin  ən önəmli subyektlərindən biri valideyndir: “Valideyn heç bir halda təhsildən kənarda qalmamalıdır. Şagirdlərin öyrənmə prosesində müəllim bir havaya oynayır,  valideyn isə başqa havaya oynayır.  Harmoniya olmayanda isə şagirdlər fərqli yönlərə istiqamətlənir. Belə  ki, müəllimlər şagirdlərin akademik bilgilərlə yanaşı, sosial yöndə də istiqamətini vaciv hesab edir, valideynlər isə buna ehtiyac görmür. İsrarla uşaqlarının akademik yöndə inkişafını vacib hesab edir. Bu halda da şagirdin tədris prosesi uğurlu alınmır. Valideynlər elə bilir ki, uşaq nə qədər çox oxusa, o qədər çox bilikli olacaq. Halbuki bəzən bu, əks nəticə də verə bilir. Bunu isə valideynlərə məktəb-müəllim izah etməlidir. Nəticədə isə məktəbdən kursa, kursdan-kursa, dərsdən-dərsə qaçan şagirdlər nə fiziki, nə də  mənəvi inkişafına vaxt ayıra biləcək, sosial mühitdən kənar qalacaq.  Bu mənada məktəblə valideyn arasındakı qarşılıqlı münasibətlərin təkmilləşdirilməsini təqdirəlayiq hal hesab edirəm. Sadəcə, “yay məktəbi”ndə yox, məktəbdə keçirilən  müxtəlif məzmunlu tədbirlərdə də valideynlərin iştirakını vacib hesab edirəm”.