İnkişaf var, sevinmək olar...

Son illər bölgələrdəki ali təhsil ocaqları da  rəqabət baxımından paytaxtdakı ali məktəblərlə ciddi ayaqlaşırlar

“Hətta kifayət qədər bal yığan elə abituriyent var ki, Bakıdakı hansısa nüfuzlu universiteti yox, məhz regiondakı universiteti seçir”


  Ali təhsil almaq hüququ qazanan hər bir tələbə universitet seçimi zamanı xüsusilə paytaxtda yerləşən təhsil ocaqlarına üstünlük verir. Hətta bölgələrdə dövlət universitetləri yerləşsə də, regionlardakı abituriyentlər Bakıdakı özəl universitetlərdə oxumağa can atır. Əhali arasında belə fikir formalaşıb ki, region universitetləri zamanla ayaqlaşa bilmir, paytaxtdakı ali təhsil ocaqlarından keyfiyyət baxımından geri qalır.
  Filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin (BSU) tədris işləri üzrə prorektoru Telman Cəfərov  isə hesab edir ki, regiondakı universitetlərimiz – Mingəçevir Dövlət Universiteti (MDU), Lənkəran Dövlət Universiteti (LDU), Azərbaycan Tibb Universiteti (ATU) öz fəallığı, regionların intellektual, işgüzar əlaqələri, texnoloji inkişaf, sosial-mədəni xidmətlər və tədbirlər mərkəzlərinə çevrilmə cəhdləri ilə paytaxtın çox ali məktəbini geridə qoyur.
  O, Mingəçevir Dövlət Universitetinin (MDU) fəaliyyətinə toxunaraq, bildirib: “Məncə, bəzi fəaliyyətlərini, o cümlədən əcnəbi mütəxəssisləri, yerli tanınmış alimləri müqavilə əsasında tədrisə və innovativ layihələrə cəlb etsələr, əcnəbi tələbə qəbuluna diqqəti yönəltsələr, tələbə kampuslarını qursalar, öz nəzdlərində istehsalat-təsərrüfat subyektləri, eləcə də məktəb, lisey, bağçalar yaratmaq üçün investorlar tapsalar, şəffaf təsərrüfat hesablı fəaliyyət qursalar, bu universitetlərdən daha çox uğur gözləmək olar. Əsas universitetlərimizin yerli akkreditasiya tələblərinə belə cavab vermədiyini yaxşı bilirik. Çünki bu cəhdləri onlarda müşahidə etmirik”.
  T.Cəfərov deyib ki, Elm və Təhsil Nazirliyi (ETN) region universitetlərinin publik şəxs kimi qeydiyyatını tələsdirməlidir: “Məhz bu universitetlerin beynəlxalq əlaqələri, ikili diplom layihələri hökumətin təhsillə bağlı fəaliyyətində prioritet istiqamət olmalıdır. Əks halda nə yerli, nə əcnəbi tələbə cəlbi, nə də xarici tərəfdaşlar tapmaq üçün lazımi klassifikatorlar təqdim etmək olmaz. Azərbaycanın regionlarının elmi, mədəni, tədris və sosial xidmətlər, intellektual mühitini, idman həyatını canlandırmağın yolu buradakı universitetlərin dəstəklənməsindən keçir. Şamaxıda, Qazaxda, Qubada, Şəkidə fəaliyyət göstərən universitet filiallarının sərbəst universitetlərə çevrilməsi, Şərqi Zəngəzurda, Qarabağda universitetlərin təşkilinin yaxın beş il üçün təhsil üzrə inkişaf strategiyamızın əsas hədəfi olacağına inanırıq". O, region universitetlərinin inkişafında ETN-in rolu olacağına da ümid edib: 

“Əminik ki, region universitetlerindəki fəallıq regional təhsil idarələrinin, məktəbəqədər və ümumi təhsil müəssisələrinin də elmi-metodiki, təşkilati yüksəlişinə vəsilə olacaq. ETN-in bu inteqrasiyanın da yolunu axtaracağına inanırıq”. 
  
Ölkədə 51 ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyini vurğulayan təhsil eksperti Kamran Əsədov isə “Sherg.az”a açıqlamasında bildirib ki, bu  universitetlərdə də ümumilikdə  187 minə yaxın tələbə təhsil  alır:

 “Dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinin sayı 51-dir, onlardan da 41-i Bakının payına düşür. Qalan 10 ali məktəb regionlarda yerləşir. Etiraf edim ki,  son illər bölgələrdəki ali təhsil ocaqları da  rəqabət baxımından paytaxtdakı ali məktəblərlə ciddi ayaqlaşırlar. Xüsusən də Mingəçevir Dövlət Universitetini, BDU-nun Qazax filialını, ADPU-nun Quba filialını, Lənkəran Dövlət Universitetini qeyd edə bilərəm. Son dövrlərdə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər  bu regionlardakı ali məktəbləri də seçirlər.

 Bu isə  idarəetmədə mobilliyin  təşkili, müasir  innovativ yeniliklərin həmin ali təhsil müəssisələrində tətbiq edilməsi, elektron kitabxana, obyektiv qiymətləndirmə regionlardakı universitetlərin nüfuzunun artmasına səbəb olub. Hətta kifayət qədər bal yığan elə abituriyent var ki, Bakıdakı hansısa nüfuzlu universiteti yox, məhz regiondakı  universiteti seçir. Təbii ki, burada universitetin nüfuzu ilə yanaşı maddi məsələ də mühüm yer tutur.  Rayondan gələn tələbənin Bakıda xərci çox çıxdığı üçün eyni ixtisası yaşadığı  bölgədə oxumağa üstünlük verir. Onsuz da  işə qəbul zamanı məzunun hansı universiteti yox, hansı ixtisası bitirdiyinə önəm verilir. Düzdür, işgüzar əlaqələr və əmək bazarı baxımından paytaxt daha cəlbedici görünür. Amma regionlardakı universitetlərdə də əmək bazarının tələblərinə cavab verən, müasir texnologiyalar tətbiq edilən  tədris həyata keçirilir”. 

Ekspertin sözlərinə görə, regiondakı ali məktəblərin rəqabətdə  iştirakı sevindirici haldır. Bu prosesi stimullaşdırmaq üçün bölgələrdəki universitetlərdə plan yerləri daha da artırılmalıdır. Bu həm bölgələrin sosial-iqtisadi durumuna bir töhfə verər, həm də Bakıdakı sıxlığı azaldar. Eyni  zamanda bölgədəki universitetlərin maddi təminatının yaxşılaşmasına da rəvac verər. Onlar da laboratoriya və digər elmi- texniki yenilikləri öz universitetlərində tətbiq edərlər”.