İlk dəfə belə format tətbiq olundu

Növbəti ildən artıq birinci qrupda yenidən balların qalxmasına şahid ola  bilərik 

Sosial şəbəkələrdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının (tədris ingilis dilində) dövlət sifarişli keçid balının 600 baldan 200-ə endirilməsi barədə məlumat paylaşılıb.

Məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
  
Bununla bağlı açıqlamasında DİM-in Mətbuatla İş və Elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə bildirib ki, yayılan məlumat səhvdir: “Azərbaycan Dövlət Neft və Sənaye Universitetində proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının (tədris ingilis dilində, dövlət sifarişi əsasında) keçid balı 200 bal deyil, 344,3 bal olub. 200 bal ödənişli yerindir”.
  
Təhsil eksperti Kamran Əsədov "Sherg.az"a açıqlamasında bildirib ki, bu il birinci ixtisas qrupunda belə halların yaşanması gözlənilən idi: "Buna səbəb birinci ixtisas qrupunda bu il ilk dəfə idi ki, fərqli format yaradılmışdı. Bu formata görə birinci ixtisas qrupu özündə  2 alt qrupu birləşdirmişdi. Alt qruplardan biri "riyaziyyat-informatika" alt qrupu digəri isə "riyaziyyat-kimya" alt qrupu idi. "Riyaziyyat-informatika" alt qrupuna ümumilikdə  imtahan verən abituriyent sayı 6000 nəfər idi. 

Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası "riyaziyyat-informatika" alt qrupuna aid olan bir ixtisas idi. Bu doğrultuda sözügedən ixtisası yalnız "riyaziyyat-informatika" alt qrupuna  imtahan verən abituriyentlər seçə bilərdilər. Həmin abituriyentlərin də  daha çox hissəsi seçimlərini İnformatika təhlükəsizliyi, İnformatika texnologiyaları, Kompüter elmləri, Kompüter mühəndisliyi kimi ixtisaslardan yana istifadə ediblər. Ona görə də məhz bu ixtisasın dövlət sifarişi əsasında keçid balının aşağı düşməsi halı yaşanıb". 
 
 Ekspert vurğulayıb ki, ixtisaslar üzrə keçid balını abituriyentlərin sayı, onların seçimi və topladıqları ballar müəyyən edir. Digər abituriyentlərin başqa ixtisaslara üstünlük verməsi və nisbətən aşağı ballı abituriyentlərin müvafiq ixtisas üzrə seçimləri sözügedən ixtisasda keçid balının formalaşmasına şərait yaradıb: "Ümumilikdə birinci ixtisas qrupu üçün ayrılmış ümumi 18000 plan yerindən 2000-dən bir qədər çox hissəsi tutulmayıb. Bunun da əsas səbəbi müsabiqə şərtini ödəyən abituriyentlərin azlığıdır. Bu il ilk dəfə belə formatın tətbiq olunması birinci qrupda həm plan yerlərinin boş qalması, həm də ixtisas  ballarının əvvəlki illərə nisbətən kəskin enməsi hallarının yaşanması ilə nəticələndi. Növbəti ildən artıq birinci qrupda yenidən balların qalxmasına şahid ola  bilərik".