ARB TV-nin "Günə Son" verilişində məktəblərdə "Son zəng" tədbirləri barədə sujet yayımlanıb. Verilişdə bəzi məktəblərdə təşkil olunan "Son zəng" tədbirlərində səslənən musiqilərin şagirdlərə pis nümunə kimi təbliğ olunması qeyd olunub. Belə ki, qeyd olunan tədbirlərdə kriminal aləmi ifadə edən mahnılar səsləndirilir.
Məsələ ilə bağlı “Sherg.az”a danışan sosioloq Elçin Bayramlı bildirib ki, uzun illərdir ki, bu tendensiya davam edir:
"Sosioloqlar,jurnalistlər bu mövzunu davamlı olaraq tənqid edirlər. Amma Elm və Təhsil Nazirliyinin vecinə də deyil. Belə çıxır ki,onlar sözügedən işdə maraqlıdır və bunu qəsdən həyata keçirirlər. Tədbiri məktəb təşkil edir. Bu tədbirlərdə səsləndirilən musiqilərin əksəriyyəti küçə mahnılarıdır. Sözləri də kriminal təbliğat vasitəsidir. Məktəb direktoru istəsə, buna icazə verməz. Çünki tədbirin planlaşdırılmasında məktəb rəhbərliyi iştirak etməlidir. Tədbirdən sonra isə bu tip musiqilərlə uşaqların "əylənməsi" valideynin günahıdır. Ona görə ki, uşaqlara düzgün tərbiyyə verilməyib. Televiziya və radiolar da bu məsələdə böyük rol oynayır. Çünki onlar xarici mahnıları, kriminal və küçə janrını təbliğ edir".
Ekspert vurğulayıb ki, yeni nəslin mədəni zövqünü bu tərzdə formalaşdırırıq:
"Küçədə sorğu aparsaq, görərik ki, gənclər klassik musiqi və kinolarımızdan birini belə bilmir. Bu cəmiyyət və dövlət olaraq bizim ən böyük problemlərimizdən biridir".