Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiqlənib

“Peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası” təsdiqlənib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi zamanı aşağıdakı ümumi tələblər nəzərə alınmalıdır:

- təhsil proqramına (kurikuluma) uyğunluğu;
- materialların elmi etibarlılığı, dəqiqliyi, inkişaf-yönümlülüyü, peşəyönümlülüyü, dəyəryönümlülüyü, tərbiyə-yönümlülüyü;
- nəzəri biliklərin praktiki bacarıqlarla tamamlanması və əmək bazarının tələblərinə uyğunluğu;
- pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə, müasir tədris texnologiyalarına uyğunluğu;
- müasir informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərinin nəzərə alınması;
- dizayn və tərtibatın məntiqliliyi, estetikliyi və müasirliyi;
- Azərbaycan qanunvericiliyinin tələblərinə uyğunluğu.
Qayda “Peşə təhsili haqqında” qanuna uyğun olaraq hazırlanıb. Peşə təhsili müəssisələri üçün ümumtəhsil dərsliklərinin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na uyğun olaraq həyata keçiriləcək.